Xırdalanda olmayacaq iş oldu - FOTO

Xırdalan şəhəri, 30-cu məhəllə, 8 və 11 saylı binaların sakinləri binanın qarşısında olan uşaq meydançasının satıldığı və orada fərdi ev tikiləcəyi barədə məlumat veriblər.

Buta.media-nın məlumatına görə, Sputnik Azərbaycan qeyd edir ki, sözügedən ərazi iki binanın qarşısında kiçik bir sahəni əhatə edir. Meydançada uşaqlar üçün müxtəlif əyləncə qurğuları qurulub, sakinlərin rahatlığının təmin edilməsi məqsədi ilə oturacaqlar qoyulub.

Həyətdə səhər-axşam uşaqlar əylənir. Və belə bir ərazinin hansısa sakinin adına özəlləşdirilməsi həqiqətən maraqlıdır.

Bina sakinləri deyirlər ki, binada yaşayanlardan bir nəfər ərazini özəlləşdirib və satıb: "Binanın həyətini özəlləşdirib. Bizə çox maraqlıdır ki, binanın həyəti necə özəlləşdirilə bilər? Bura iki binanın həyətidir. Bizim uşaqlar burada oynayırlar. Yorulanda bura istirahətə etməyə çıxırıq".

Sakin Qənirə Əhmədovanın sözlərinə görə, binanın həyətinin bina sakini tərəfindən özəlləşdirilməsi halı ilə ilk dəfədir qarşılaşır: "Biz əvvəldən belə bilmişik ki, binanın həyəti bütün bina sakinlərinindir. Yəni şəxsi mülk deyil, dövlətin malıdır. Çox maraqlıdır ki, sakinlərdən biri bu ərazini özəlləşdirib və sənəd ala bilib. Necə? Dövlətin malını vətəndaşa kim sata bilər?"

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən (RİH)bildirilib ki, Xırdalan şəhəri, 30-cu məhəllə, 8 və 11 saylı binaların həyətindəki uşaq meydançasının satılması məsələsi RİH tərəfindən araşdırılıb: "Qeyd edilən ərazinin vətəndaşın mülkiyyətində olmasına baxmayaraq ərazidə tikinti işlərinin aparılmasına qadağa qoyulub".

Əmlak eksperti Ramil Osmanlışərhində deyib ki, əgər ərazi özəlləşdirilibsə, deməli, buna icra başçısı sərəncam verib. Onun sözlərinə görə, bir neçə il əvvəl icra başçıları istədikləri yerə sərəncam verə bilirdilər.

 "Yəqin ki, torpağı özəlləşdirən vətəndaşa torpaq ayırma sənədi verilib. Bu sənəd olduğu zaman reyestrdən çıxarış almaq mümkün olur. Yəqin Komitə tərəfindən araşdırma aparılıb, torpaq heç bir dövlət qurumunun balansında görünməyib. Və vətəndaşa çıxarış verilib" - deyə o bildirib.

"Əslində, verilən sərəncam şəhərsalma məsələlərinə ziddir. Sərəncam verilən zaman şəhərsalma qaydaları araşdırılıb, sonra sərəncam verilməli idi. Binanın həyətinə sərəncam vermək, əslində qeyri-qanunidir. Çoxmənzilli binaların həyətyanı sahəsi sahə mülkiyyətçilərinin ümumi əmlakı sayılır. Sərəncam veriləndə İcra Hakimiyyəti bu məsələni araşdırmalı idi" - Osmanlı əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ