20 nömrəli məktəbdə şagirdlər arasında zəhərlənmə olub - VİDEO

“20 nömrəli məktəb-liseydə baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub. Təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb ediliblər”.

Bu barədə TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, zəhərlənənlərdən 6 nəfər (4-ü qadın, 2-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib:

“Onlardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərə (vəziyyətləri qənaətbəxş) tibb müəssisəsinin təcili tibbi yardım şöbəsində, 1 nəfərə (vəziyyəti ağır qiymətləndirilir) reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilir”.

Baş Prokurorluğun Mətbuat xidmətindən isə bildirilib ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

14:15

Bakı şəhər Təhsil İdarəsindən daxil olan məlumatda bildirilir ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub: “Məktəb rəhbərliyi tərəfindən təcili-tibbi yardım çağırılıb, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılıb.

Həmçinin məktəb rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verilib. Hazırda uşaqların vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, məktəb-liseydə iaşə xidmətini təşkil edən “Tais ikf” MMC-dir. İaşə xidməti göstərən qeyd olunan şirkətin fəaliyyətinə aidiyyəti qurumlar tərəfindən müvafiq nəzarət olunur”.

20 nömrəli məktəb-liseydə baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb.

13:27

Bakıda məktəblilər arasında zəhərlənmə olub. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, zəhərlənmə paytaxtın A.Hüseynzadə adına 20 nömrəli məktəbində qeydə alınıb. 

İlkin ehtimala görə, zəhərlənmə ibtidai sinif şagirdləri arasında qeydə alınıb.

Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, məsələ araşdırılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ