Dünən saat 15:45-də Ələt-Astara magistralının Salyandan keçən 26-cı kilometrliyində baş vermiş dəhşətli qəzada ölənlərin sayı 4-ə çatıb.
“Qafqazinfo” xəbər verir ki, 2001-ci il təvəllüdlü Dadaşov Əli Səfail oğlunun idarə etdiyi “Kamaz” markalı 42-BM-084 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yolun kənarında dayanmış “Hyundai Accent”i vurması nəticəsində ağır yaralanan 2020-ci il təvəllüdlü Bağırov Bayxan Bayram oğlu da aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Qəza nəticəsində 1972-ci il təvəllüdlü Bağırova Dilarə Ramil qızı, 1960-cı il təvəllüdlü Muradova Mirsəkinə Mirqiyam qızı və 1975-ci il təvəllüdlü Hüseynova Elnurə Adil qızı isə hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişin, 1971-ci il təvəllüdlü Ağayeva Xannənə Qabil qızı, sürücülər - Hüseynov Elxan Ramil oğlu və Dadaşov Əli Səfail oğlu isə xəsarət alıblar.
Faktla bağlı BDYPİ-nin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsində cinayət işi başlanaraq istintaq aparılır.
Qeyd edək ki, qəzada həlak olanlar tanınmış sintezator ifaçısı Bayram Bağırsoyun ailə üzvləridir. Dilarə Bağırova onun anası, 3 yaşlı Bayxan isə oğludur.