Bakının daha iki əsas yolunda sürət həddi endirildi

Bakıda daha iki yolda sürət həddinin endirilməsi ilə əlaqədar olaraq müvafiq yol nişanları quraşdırılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd edilib ki, Babək prospektində müvafiq yol nişanları quraşdırılaraq maksimum sürət həddi 60-80 km/saatdan 60 km/saata, Qala-Pirallahı yolunda isə 100 km/saatdan 90 km/saata endirilib.

Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik.

Xatırladaq ki, bundan öncə Bakının əsas prospektlərindən sayılan Heydər Əliyev prospektində sürət həddi endirilib. Sürət yolun 110 km/saatlıq hissəsində 90 km/saata, 90 km/saatlıq hissədə isə 70 km/saat olaraq dəyişdirilib.

Bundan başqa, Bakının Sabunçu, Balaxanı, Zabrat və Kürdəxanı qəsəbələrinin ərazisindən keçən Zabrat-Kürdəxanı yolunda müvafiq yol nişanları quraşdırılaraq maksimum sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ