Bakının Ramana kəndində itən 15 yaşlı qızla bağlı təfərrüatlar məlum olub.
Buta.media Oxu.Az-a istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən bildiriblər ki, gənc qız 7 gündən sonra tapılıb.
Yeniyetmə qız (etik məsələlərə görə, adı açıqlanmır) evi tərk edib və bir həftəyə yaxın ondan xəbər-ətər olmayıb. Aprelin 25-də əməliyyatçılar uşağı taparaq, onunla bağlı acı həqiqətləri öyrənib.
Məlum olub ki, qız 11 yaşından atalığı tərəfindən sistematik şəkildə cinsi zorakılığa məruz qalıb. Qız daha bu rəzalətə dözə bilmədiyindən evi tərk etmək qərarına gəlib.
12-ci polis bölməsinin əməkdaşları həmin şəxsi saxlayaraq ona qarşı Cinayət Məcəlləsinin 150.3.3 (seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi üzrə cinayət işi açıb.
Qanuna əsasən, bu cinayəti törətmiş şəxsin təqsiri sübuta yetirildikdə, ona 8 ildən 15 ilə qədər həbs cəzası verilir.
Yeniyetmə anasından və qohumlarından gizlənib, belə ki, onu sistematik şəkildə zorlayan şəxslə bir evdə qala bilməyib. Qeyd edək ki, saxlanılan şəxs tikinti sahəsində çalışıb.
“Baş verən hadisədə ilk növbədə ananın günahı var. O öz uşaqlarının təhlükəsizliyi üçün lazımi tədbirlər görməyib. Onun baş verənlərdən xəbərsiz olduğuna əmin deyilik”, - deyə polisdən bildiriblər.
Hazırda fakt üzrə araşdırma aparılır. Uşağa psixoloji yardım göstəriləcək.