“İranın manqurtlarına qarşı tədbirlər görəcək” - Milli Məclis

“Deputat Fazil Mustafaya atılan güllələr dövlətimizə qarşı atılmış güllələrdir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Qənirə Paşayeva deyib.

O bildirib ki, Fazil Mustafaya qarşı terror aktını törədənlərin sifarişçilərini, icraçılarını üzə çıxarmaq üçün Azərbaycanın hüquq-mühafizə orqanları araşdırma aparırlar.

“İnanırıq ki, cinayətkarlar layiqli cəzalarını alacaqlar. Bu terrorun arxasında gizlənənlər bilməlidirlər ki, onlar Azərbaycan dövlətini, xalqını qorxuda bilməzlər”, - deyə deputat əlavə edib.

Deputat Bəhruz Məhərrəmov isə bildirib ki, şərəfini İrana satanlar hadisəyə haqq qazandırmağa çalışırlar. 

“Azərbaycanın içərisində də belələri var, eyni zamanda, müxalifət daxilində də. Bunlar bu gün-sabah deputat həmkarımıza qarşı terror törədənləri siyasi məhbus da adlandırarlar. Daxildəki xəyanətkar qüvvələr hadisələrdən dərs çıxarmalıdırlar. Azərbaycan dövləti bundan sonra da İranın manqurtlarına qarşı tədbirlər görəcək”, - deyə o əlavə edib.

Qeyd edək ki, Fazil Mustafa martın 28-i saat 21:51 radələrində yaşadığı evin qarşısında “Kalaşnikov” avtomatından güllələnib. Nəticədə deputat sağ çiyin qurşağını və sağ budun aşağı üçdəbirini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ