Əvəz fantastik məbləğ istədi. Pulu aldı, yenə danışmağa başladı - vəkil

Vəkil Elçin Sadıqov həbsdə olan jurnalist Əvəz Zeynallının məhkəmədə onun ünvanına səsləndirdiyi ittihamlara cavab verib.

E.Sadıqov hər hansı cinayət əməli törətmədiyini bildirib. O, Əvəz Zeynallının onu aldatdığını əlavə edib:

“Bu müddət ərzində dinmədim, səbr etdim. Düşündüm ki, yoldaşı nə yazmasından, danışmasından asılı olmayaraq gözləyim, görüm Əvəz Zeynallı nə deyir. Məni tanıyanlar bilir bütün görüşlərimdə Ə.Zeynallının həbsinin siyasi olduğunu bildirmişəm. Amma bu gün Ə.Zeynallı məni özü ilə birlikdə görmək istədiyini bildirib.

Əvəz Zeynallıdan R.Məmmədov və onun ailə üzləri barəsində yazmamağı xahiş edəndə Əvəz məndən nə qədər pul qazandığımı, dolanışığımın necə olduğunu soruşdu. Allah şükr etdim və bunun məsələyə nə aidiyyətinin olduğunu soruşdum. O isə bildirdi ki, sən dolanırsan mən də dolanmaq istəyirəm. R.Məmmədovun ailəsinə dedim ki, bu yaxşı adam deyil 14 il pulsuz vəkillik etmişəm, indi bir şeyi xahiş edəndə pul istəyir, bununla ümumiyyətlə danışmayaq”.

Elçin Sadıqov əlavə edib ki, həmin gündən sonra Əvəz Zeynallı dayanmayıb, əskinə hər gün Məmmədova və ailə üzvlərinə qarşı danışmağa başlayıb:

“Əvəzin dayanmadığını gördük, hətta 26 avqust 2022-ci il tarixli çıxışında Əvəz adımı çəkməsə də Məmmədovun müdafiə işinə də ilişmişdi. Məcbur olduq Əvəzlə danışmağa. Əvəz mənə fantastik məbləğ demişdi. Sonra razılaşdıq. Pulu aldı. Cəmi 4 gün sonra yenə hədyanlar danışdı. Mən Əvəzin bunu mənə edəcəyini, yəni pul alıb yenə danışacağını, karusel edəcəyini heç gözləməzdim.

Bu da Məmmədovların haqlı narazılığına səbəb oldu. Həmin gün narazılıq olmasın deyə öz pulumdan Məmmədovların pulunu geri qaytardım. Və sonra mənə dedi ki, ona pul yox, sənədlər verdiyimi deyim. Özü də elə dedi. Sənəd adı gələn kimi, ikimizi də tutdular. Halbuki, CM-nin 312-ci maddəsinin qeydini bilən hər kəs bilir ki, mənim əməlimdə heç vaxt cinayət tərkibi olmayıb. Məni vəsatətə görə həbs etmişdilər”.

Vəkil qeyd edib ki, Əvəz Zeynallıya qarşı müxtəlif ittihamlar və çoxlu epizodlar var: “Bəlkə də maddələrinin sayını özü də bilmir. Amma yenə də mənim adımı çəkib şou düzəldir. Onda belə çıxır ki, o biri ittihamların hamısı düzdür, ona görə Əvəz onları pərdələməyə çalışır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ