“Bəzi korrupsionerlər Həccə getməklə bütün günahlarının bağışlanacağına inanır. Həcc ziyarəti sanki günahyuma aparatıdır”.
Bunu ilahiyyatçı Elşad Miri bildirib. O, Qafqaz Müsəlmanları İdarəsinin Həcc ziyarəti üçün təyin etdiyi məbləğin yüksək olmasından gileylənib:
“10 min manatın müqabilində təkcə səhər yeməyi verəcəklər, onu da ziyarətçilər yeyə bilməyəcək. Odur ki, ziyarətçilərin orada keçirdiyi müddət ərzində əlavə məbləğə də ehtiyacı var. Bəzi insanlar ömür boyu özünü ziyarətə hazırlayır. Lakin sual etsək ki, 24 saatın neçə saatını ziyarətdə keçirirlər, deyəcəklər ki, namaz vaxtlarını. Məqsəd budurmu? Allah bizdən bunu istəyir? Axı 10-12 min manat pulla 6 azərbaycanlı tələbənin illik təhsil haqqını ödəmək olar. Qiymət məsələsi isə Qafqaz Müsəlmanları İdarəsinin monopoliyasındadır. Bununla bağlı isə hesabat verilmir”.
İlahiyyatçı bəzi şəxslərin ziyarətə yalnız “hacı” statusunda olmaq üçün getdiyini deyib:
“Ziyarətə gedən insanlar günlərini otellərdə qalmaqla, Kəbə ətrafında təvaf etməklə, Quranda olmamasına baxmayaraq, şeytana daş atmaqla keçirirlər. Təbii olaraq kim hara istəsə, gedə bilər, amma bu səfəri din adı altında həyata keçirmək düzgün deyil. Kəbəni ziyarət edənlər 7 dəfə dövr edirlər. Allahın bizdən istədiyi fırlanmaqdırmı? Ziyarətdən qayıdanda isə özlərinə “hacı” dedizdirirlər. Sanki onlar süddən çıxmış ağ qaşıqlardır. Hətta bəziləri deyir ki, mən saxta araq satmaram, çünki hacıyam. Yəni insanlar 10-12 min manat verməklə yalnız “hacı” titulunu almağa çalışırlar. Son olaraq deyim ki, Həcc anlayışının islami tərəfi yoxdur”.
Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti 9 106 manat müəyyən olunub.