Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, son sutkada infeksiyaya 65 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 34 nəfər isə sağalıb.
İndiyədək ölkədə ümumilikdə 829 076 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 818 672 nəfər müalicə olunaraq sağalıb, hazırda 257 aktiv xəstə var. Bu günə qədər 10 147 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 469, bu günə qədər isə ümumilikdə 7 545 086 test icra olunub.
Eyni zamanda ölkədə son sutka ərzində 158 nəfər vaksinasiya olunub. Belə ki, gün ərzində birinci doza vaksinlərin sayı 53, ikinci doza vaksinlərin sayı 26 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 64-dur. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 15 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 952 081 olub.