Azərbaycandan bu universitetə daxil olan ilk qız - Fotolar

Azərbaycanlı şagird dünyanın ən yaxşı universitetlərindən sayılan Massaçusets Texnologiya İnstitutuna (MIT-də) qəbul olub.

“Qafqazinfo” xəbər verir ki, 16 yaşlı Dəniz Səttarlı tam təqaüdlə Kimya Mühəndisliyi üzrə bakalavr səviyyəsinə daxil olub.

Liseylərdən birinin məzunu olan Dəniz açıqlamasında uğurunun sirlərini bölüşüb: “İlk olaraq onu deyim ki, Amerikada və bir çox xarici ölkələrdə təhsil almaq üçün məktəbdəki yaxşı qiymətlər və nəticələr bəs etmir. Mən 9-cu sinifdən bəri olimpiadalara qatılırdım. Kimya üzrə beynəlxalq səviyyəli olimpiadalarda ölkəmizi təmsil etmişəm. Müxtəlif dərəcəli mükafatlarım və medallarım var. Daim öz üzərimdə çalışdım və uğur qazanacağıma inandım”.

Ölkədə fəaliyyət göstərən tədris mərkəzlərində biliklərini daha da təkmilləşdirən gənc tələbə deyir ki, Kimya Mühəndisliyi ixtisasını seçsə də, sonradan bunu dəyişmək hüququ var: “İkinci semestrdən sonra ixtisas seçmə hüququmuz var. Orada tək bir ixtisası seçib onu da davam etdirmirsən. Seçim üçün bir il vaxt verilir. Fənlərlə tanış olub seçim də etmək olur. Lakin mən hazırda Kimya Mühəndisliyi ixtisasını seçmişəm. Hələ ki, ixtisasımı dəyişmək fikrim yoxdur. Tanışlıqdan sonra daha dəqiq qərar verəcəyəm”. 

Dəniz Səttarlı eyni zamanda gələcək planlarından da danışıb: “Bakalavr təhsilimdən sonra magistratura, yaxud da doktorantura təhsili almağı düşünürəm. Oxumaqla bərabər iş proqramlarına da müraciət etmək istəyirəm. Təhsilimi orada davam edib karyeramı qurmaq istəyirəm".

Qeyd edək ki, Dəniz Səttarlı MIT-ə Azərbaycandan bakalavr üzrə daxil olan ilk qız məktəblidir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ