Azərbaycanda yeni aviaşirkət yaradılır: Rusiyalı pilotları işə götürəcəklər

Hava məkanını Rusiya təyyarələri üçün bağlayan Qərb ölkələri Rusiya Federasiyasının mülki aviasiya sektorunda ciddi böhran yaradıb. Sanksiyalara görə Rusiya aviaşirkətləri “Boeing” və “Airbus” təyyarələri üçün ehtiyat hissələri ala bilmir. Onlar beynəlxalq uçuşları kəskin şəkildə məhdudlaşdırmalı oldular, nəticədə sərnişin daşımalarının həcmi azaldı, pilotların kütləvi ixtisarı başladı. 

Bazarda boşaldılan yeri türk aviaşirkətləri tutub: onların xidmətlərindən ən çox Rusiya vətəndaşları istifadə edir.

Rusiya mənbələri bildirirlər ki, Azərbaycan boş bazar yerlərinin müəyyən hissəsini əldə etmək üçün yeni aviaşirkət yaratmağa hazırlaşır. 

Belə ki, bu barədə “Moskovskaya qazeta”ya mülki aviasiya sahəsindəki mənbə məlumat verib. 
Məlumata görə, aviaşirkət xarici, o cümlədən rusiyalı pilotları işə götürəcək.

Qeyd edək ki, Özbəkistanın Panorama Hava Yolları da rus pilotları “ovlayır”.

“Bu ölkələr gördülər ki, Türkiyə rusiyalı sərnişinlərin dünya üzrə uçduğu bir “qovşaq”a çevrilib və özləri də belə “qovşaqlara” çevrilmək istəyirlər. Gediş yerlərinin, təyyarələrin, uçuşların sayının azalması səbəbindən ixtisar edilən həm sərnişinləri, həm də pilotları itiririk. Xarici şirkətlər isə həm pilotlarımızla, həm də sərnişinlərimizlə maraqlanır. Düzdür, Azərbaycan şirkəti Rusiya tərəfinin pilotların iş şəraiti ilə bağlı konkret suallarına hələ cavab verməyib”, - adının çəkilməsini istəməyən mənbə bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ