Bayram günlərində hotellərdə qiymətlər 3 dəfə baha olacaq - deputat

Novruz Bayramı günləri üçün regionlarımızda yerləşən istirahət mərkəzləri yenidən yüksək qiymətlər təklif etməyə başlayıblar. CESD-nin qiymət monitorinqləri göstərir ki, bayram günlərində hotellərdə qiymətlər adi günlər ilə müqayisədə orta hesabla 3 dəfə baha olacaq. Regionlarda turizmin inkişafı vacibdir və bu valyutanın ölkədə qalması baxımdan da prioritetdir. Amma turizm xidmətlərinin və eləcə də hotel qiymətlərinin əlçatan olması da olduqca əhəmiyyətlidir. Yüksək qiymətlər bayram günlərində turizmin əlçatanlığını kəskin azaldır.

Bu barədə deputat Vüqar Bayramov öz Facebook hesabında yazıb.

Deputat qeyd edib ki, turizmdə qiymətlərin yüksək olmasının əsas səbəblərindən biri 1, 2 və ya ulduzsuz hotellərin sayının az və bu sahədə rəqabətin zəif olmasıdır. 

“Bu baxımdan, çoxulduzlu hotellərlə bərabər, 1 və 2-ulduzlu otellərin tikilməsi oludqca vacibdir.  Belə hotellərin qiyməti daha aşağı olur və daha çox turistlər cəlb edir. Təəssüf ki, bu gün ölkəmizdə sahibkarlar daha çox 4-5-ulduzlu, bahalı hotellərin tikintisinə maraq göstərirlər.

Buna görə də, az ulduzlu hotellərin inşaatının sürətləndirilməsi bu istiqamətə daha çox aşağı faizli kreditlərin ayrılması və güzəştlərin tətbiqini aktuallaşdırır. Bu sahibkarların stimullaşdırılması baxımdan vacibdir. Bütövlükdə, bu sahədə qiymətlərin optimallaşdırılması üçün rəqabətin daha da gücləndirilməsi önəmlidir”, - deyə o bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ