Ali təhsil müəssisələrə qəbul sistemində problem var.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, bunlardan əsası ixtisas seçimidir:
“Abituriyent bir neçə ixtisası yazır, birinə düşmürsə, o birinə düşür. Nəticədə abituriyent biologiya, kimya ixtisaslarını istəyirsə, axırda gedib başqa bir ixtisasa düşür. 95 faiz halda abituriyent belə davranır. Mahiyyət etibarilə həkim olmaq istəməyən insanlar həkim olur”.
Nazir qeyd edib ki, qəbul qaydalarında müəyyən dəyişiklik edilməsinə ehtiyac var:
“Hazırda qəbul sistemi şaquli qəbul sistemidir. Mahiyyətcə abituriyent ixtisasları ardıcıl olaraq seçir. Abituriyentlər ixtisas seçimini bazara görə yox, özündən əvvəlki abituriyentin seçiminə görə edir. Qəbul bu gün hələ də statistik ölçmələrlə aparılmır”.