Qubanın Xınalıq kəndinin balaca sakininin polşalı turistlə ingiliscə söhbəti ilə bağlı paylaşım etmişdik.
“Qafqazinfo” hazırda 6-cı sinifdə oxuyan İbrahim Zeynalovun babası - Xınalıq Kənd İnternat tam orta məktəbinin direktoru Yunis Dəmirovla həmsöhbət olub.
O bildirib ki, nəvəsi bütün fənləri yaxşı oxuyur, lakin ingilis dilinə xüsusi sevgisi var:
“Həmin video polşalı turist tərəfindən ötən ilin ya oktyabr, ya da noyabr aylarında çəkilib. Biz də polyak turist paylaşım edəndən sonra görmüşük. Nəvəm təkcə ingilis dilini deyil, həmçinin bütün fənləri yaxşı bilir. Bu cür şagirdlərimiz məktəbdə kifayət qədərdir. Onun ingilis dilinə həvəsi çoxdur, bu dildə sərbəst danışır. Həmçinin atasının işi elədir ki, daim qonaq-qarası olur. İbrahimin ingilis dilinə meyilliliyi də elə valideynin işi ilə bağlıdır. Bizim məktəbimizdə çox yaxşı ingilis dili müəllimlərimiz var. Rayon üzrə ən yüksək bal toplayan ingilis dili müəllimlərinin ikisi də bizim məktəbdədir. Onlar da uşaqlarla bacardıqca kömək edirlər. Dağlıq ərazi olmasına baxmayaraq, uşaqlarda ingilis dilinə çox maraq var”.
Y. Dəmirovun sözlərinə görə, hazırda 6-cı sinifdə oxuyan İbrahim indiyə kimi bir çox olimpiadalarda iştirak edib və qalib olub: “İbrahim rayon səviyyəsində olan olimpiadalara gedir. Bu il aprel ayında yenə olimpiadada iştirak edəcək. Baxmayaraq ki, kənd məsafə baxımından rayon mərkəzindən uzaqdır, çalışırıq elə yarışlarda imkan yaradaq. İbrahimin arzusu ya vəkil, ya da hüquqşünas olmaqdır”.
Babası həmçinin bildirib ki, İbrahimin özündən başqa birinci sinifdə oxuyan bacısı və 2 yaşlı qardaşı var.
Qeyd edək ki, polşalı turist tərəfindən sosial şəbəkədə yayılan videoda 13 yaşlı uşaq siniflərinin “ingilis dili çempionu” olduğunu bildirib. O, Türkiyədə oxumaq istədiyini, orada dostunun yaşadığını qeyd edib.