Bacısı tərəfindən “zəncirlənən” qardaşla bağlı - RƏSMİ AÇIQLAMA

Ucar rayonunun Qarabörk kəndində psixi problemləri olan qardaşın bacısı tərəfindən 25 ildir hində zəncirlənmiş halda saxlanıldığı iddia edilib.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə paylaşım edərək qeyd edib ki, bacı qardaşının təqaüdünü almaq üçün belə bir addım atıb.

Buta.media-nın məlumatına görə, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, məlumat sosial şəbəkələrdə yayılandan dərhal sonra araşdırmalar başlayıb:

“Ucar rayon polis şöbəsinin əməliyyat qrupu, rayon prokurorluğunun və Qarabörk kəndinin rəsmilərinin iştirakı ilə Əfşan İbrahimova və qardaşı İlyas İbrahimovun ünvanına baxış keçirilib. Baxış zamanı İlyas İbrahimovun ikimərtəbəli evin birinci mərtəbəsindəki çarpayıda yatdığı müşahidə olunub. Ev şəraiti normal olub”.

O.Mansurzadənin sözlərinə görə, ruhi xəstə və I qrup əlil olan İlyas İbrahimov 20 ildir ki, bacısı Əfşan İbrahimovanın himayəsindədir:

“Bu müddət ərzində heç bir instansiyaya bacısı tərəfindən baxılmaması yaxud onunla kobud rəftara dair müraciət daxil olmayıb. Əfşan İbrahimova rəsmi olaraq İlyas İbrahimovun qəyyumudur. Qonşularla söhbət zamanı da İlyas İbrahimovun xəstə olduğu, ona bacısı tərəfindən baxıldığı bildirilib. Onların izahatından və hadisə yerinə baxışdan da bəlli olub ki, İlyas İbrahimovun hində, insan həyatı üçün uyğun olmayan bir şəaritdə yaşaması barədə sosial şəbəkələrdə yayılan məlumatların heç bir əsası yoxdur”.

DİN rəsmisinin sözlərinə görə, polis əməkdaşlar tərəfindən Ə.İbrahimovaya aidiyyatı dövlət orqanlarında qardaşına baxılması üçün yardım təklif edilib:

“Amma Əfşan İbrahimova qəyyum olaraq qardaşına özünün baxacağını bildirərək, yardımdan imtina edib”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ