Səbinə Əliyeva niyə Milli Məclisin iclaslarında iştirak etmir? - deputatlar narazıdır

“Səbinə xanımın (Ombudsman Səbinə Əliyeva – red.) bizə verəcəyi cavablarla Aydın müəllimin (Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı – red.) verəcəyi cavablar başqadır. Deputat olaraq mənə maraqlıdır ki, nə üçün Səbinə xanım bizim iclaslarda iştirak etmir?”

Bu fikirləri  millət vəkili Jalə Əhmədova Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı deyib.

Deputat Fazil Mustafa Jalə Əhmədovanın çıxışına dəstək verərək:

“Bura gəlib iştirak etmək gələnin özünə xeyir, gəlməmək isə özlərinə ziyandır. Kommunikasiyanın ziyanı yoxdur, əksinə daha da qarşılıqlı inkişaf ola bilər”,  -deyə əlavə edib.

Komitə sədri Zahid Oruc da çıxış edən deputatlarla həmfikir olduğunu bildirib: “Qeyd etdiyiniz kimi, Səbinə xanımın belə iclaslarda,  görüşlərdə iştirakı yalnız fayda verə bilər. Daha sistemli müzakirələr apara bilərik. Əminəm ki, bu çağırışlar da eşidildi”.

Qeyd edək ki, bu gün keçirilən komitə iclasında Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı iştirak edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ