Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən “Biz rus dilinin dəstəklənməsinə, bunu arzu edən Azərbaycan vətəndaşlarının həm özlərinin rus dilində danışmaları və işdə bu dildən istifadə etmələri, həm də öz uşaqlarına bu imkanı vermələri üçün hər cür şəraitin yaradılmasına şəxsən Sizin və hökumətinizin diqqətini çox yüksək qiymətləndiririk” fikirləri müzakirəyə səbəb olub. Azərbaycanda rus dilinə geniş imkanlar yaradılması ilə bağlı narazılıqlar yenidən gündəmə gəlib. Hətta rus dilinin qadağan olunmasını təklif edənlər də var. İngilis dili beynəlxaq dil olduğu üçün Azərbaycanda bu dilin tədrisini istəyənlər daha çoxdur.
Milli Məclisin deputatı Azər Badamov isə Pravda.az-a açıqlamasında deyib ki, rus dilini yaxşı bilən ziyalıların olmasının tərəfdarıdır.
“Ölkəmizdə dövlət və ünsiyyət dili Azərbaycan dilidir. Bununla yanaşı türk, rus, ingilis, fransız və digər dillər də öyrənilir, tədris olunur. Xarici dilləri bilmək insanların inkişafına və savadlanmasına yol açır. Düzdür, insanların ingilis dilini bilməsi də çox yaxşıdır, amma yaddan çıxarmamalıyıq ki, rus dilinin auditoriyası da böyükdür və bu dilin öyrənilməsində bir pislik görmürəm.
Birincisi, Rusiya ən yaxın qonşumuzdur və bu ölkədə 3 milyon azərbaycanlı yaşayır. Demək olar ki, hər bir ailənin Rusiyada qohumlarının yaşadığını və gediş-gəlişin olduğunu heç kim inkar edə bilməz. Xalqımız Rusiya ilə tarixən daha çox əlaqəlidir. Həm də ölkələrarası iqtisadi əməkdaşlıq imkanları da gündən-günə artır”, - deputat bildirib.
A.Badamov əlavə edib: “Arzulayardım ki, rus dilini yaxşı bilən ziyalılarımız çox olsun, Rusiyanın siyasətində yaxından iştirak etsinlər və rus mətbuatında Azərbaycanın siyasətini geniş təbliğ etsinlər. Reallıq budur ki, ermənilərin Rusiya mətbuatında rolu böyükdür.
Hesab edirəm ki, biz Rusiya siyasətində gedən informasiya müharibəsində erməniləri üstələməliyik. Bunun üçün dili yaxşı bilən mütəxəsislərin sayının çox olması vacibdir. Maraqlı məqamlardan biri də budur ki, sosial şəbəklərdə rus dilinin öyrənilməsini pisləyənlərin əksəriyyəti öz övladlarını rus dilli məktəblərdə oxutmağa can atır.
Təəssüf ki, bəziləri reallığı olduğu kimi dəyərləndirə bilmir…”