Qeydiyyatsız yaşayanların avtomatik cərimələnməsinə başlanıldı

Daxili İşlər Nazirliyi tərəfindən qeydiyyatda olduğu yer üzrə yaşamayan vətəndaşlar avtomatik olaraq cərimələnir. Respublikanın bölgələrində qeydiyyatda olan bəzi Bakı və Abşeron sakinlərinə artıq 30 manat məbləğində cərimə ilə bağlı bildirişlər gəlib. 

Sözügedən şəxslərdən biri Sptunik Azərbaycanla əlaqə saxlayıb. S.Tağıyev bildirib ki, ötən şənbə günü ona cərimə barədə xəbər verən ismarıc gəlib. Tağıyev, Masazırda şəxsi mənzilində yaşadığını, lakin Gəncə qeydiyyatında olduğuna dair aydınlıq gətirib. İndi isə o, cəriməyə etiraz etmək niyyətindədir.

"Şəxs öz mənzilində yaşasa da, əgər başqa ünvanda qeydiyyatdadırsa, bu barədə yerli 
polis orqanlarına məlumat verməlidir", - Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri 
Elşad Hacıyev sorğumuza cavab olaraq bildirib.

Qeyd edək ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun tələbinə  görə, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində ərazi üzrə polis orqanına məlumat verməklə olduğu yer üzrə qeydiyyata düşməlidir. Vətəndaş cərimələndikdən sonra qeydiyyatsız yaşamağa davam edirsə, bu təkrar məsuliyyət yaradır. Vətəndaşdan olduğu yer üzrə qeydiyyata düşməsi üçün müvəqqəti yaşadığı evin çıxarışı tələb olunmur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ