Dövlət Xidmətindən “Trendyol”la bağlı açıqlama

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müzakirə edilən onlayn satış platformalarına məhdudiyyətlərin tətbiq olunacağı ilə bağlı yayılan fikirlər həqiqətəuyğun deyil.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yerli və xarici rəqəmsal satış platformalarının ölkəmizdəki fəaliyyətini məhdudlaşdıran hər hansı tənzimləmə tədbiri nəzərdə tutulmur.

Vətəndaşlar yerli və xarici mənşəli onlayn satış platformalarının xidmətlərindən mövcud qanunvericiliyin tələbləri çərçivəsində sərbəst şəkildə istifadə edirlər.

Xatırladaq ki, ötən gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimallarını nəzərə alaraq Azərbaycanın “Trendyol”a qarşı tədbirlər görə biləcəyini açıqlayıb. Qeyd olunur ki, yerli bazardakı pərakəndə şirkətlər “Trendyol”dakı qiymətlə rəqabət apara bilmir.

Sözügedən açıqlamanı həmin Xidmətin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlı ötən gün “Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında rolu” mövzusunda elmi konfransda çıxışı zamanı deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ