AZAL-ın vitse-prezidenti qiymət siyasətindən danışdı

“Dünyada cərəyan edən siyasi proseslər, yüksək inflyasiya templəri, yanacaq bazarında müşahidə olunan qiymət artımı aviabiletlərin dəyərinin formalaşmasına birbaşa təsir edən amillərdir. Əksər aviaşirkətlər kimi AZAL-ın da həm ölkə daxilində, həm də ölkə xaricində aldığı aviayanacağın qiyməti beynəlxalq birja qiymətlərinə əsasən müəyyən olunur”.

Bunu “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev AZƏRTAC-a müsahibəsində bildirib.

S.Rzayev aviaşirkətin qiymət siyasəti ilə bağlı görülən işlərdən də danışıb. Onun sözlərinə görə təkcə 2022-ci ildə yanacağa olan qiymət beynəlxalq birjalarda 4 dəfəyə yaxın bahalaşıb: “Bütün bunlara baxmayaraq, AZAL tərəfindən sözügedən məqamların alıcıya təsirsiz ötüşməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Sadəcə bu proseslər mərhələli şəkildə təşkil olunduğundan, nəticənin əldə edilməsi üçün də zaman tələb olunur.

AZAL xarici hava limanlarında ən uyğun vaxtları və ən yaxın eniş terminallarını özündə birləşdirən slotlar alır. Həmçinin, aviaşirkət tərəfindən mütəmadi olaraq müxtəlif stimullaşdırıcı aksiyalar keçirilir, sərnişinlərə daha sərfəli qiymətlərlə daimi istiqamətlərdə səyahət etmək imkanı yaradırılır. Bundan başqa, aviaşirkətin qəbul etdiyi Strateji İnkişaf Planı da sərnişinlərin rahatlığının və səmərəliliyinin təmin olunmasına hesablanıb”. 

Onun sözlərinə görə,  AZAL tarixində ilk dəfə olaraq aviaşirkət ötən ili ilkin nəticələrə görə beynəlxalq maliyyə standartlarına əsasən xalis mənfəətlə başa vurub: “2022-ci il maliyyə nəticələrinə görə AZAL üçün uğurlu olub. Həm xarici, həm də yerli kreditorlar qarşısında bir çox öhdəliklər icra olunub. Hava gəmisi parkının genişləndirilməsi və yenilənməsi ilə bağlı ötən il alınan  “Airbus A320Neo” tipli 3 hava gəmisi üçün daxili vəsaitlər hesabına ilkin ödənişlər və komissiya məbləğləri ödənilib”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ