Tural Yusifov Oxu.Az üçün yazır...
Dünya avtomobil sənayesi inkişaf edir, amma biz yenə də geri qalırıq. Avtomobil sənayesində benzin və dizel yanacağından imtina edilir. Biz isə yapışmışıq benzindən. Sözün açığı, burada gömrük rüsumları da rol oynayır. Əgər sənin hibrid mühərrikli avtomobil üçün ödədiyin məbləğlə dizel üçün ödənilən məbləğ fərqlənmirsə, yeni texnologiyalı avtomobillərin gəlməsindən söhbət belə gedə bilməz.
Benzin və dizel erasının sonu
Neft dünya iqtisadiyyatında əsas qiymətini almazdan öncə, kütləvi istehsalda olan avtomobillər elektrik mühərriki ilə hərəkət edirdilər. XX əsrin əvvəllərində elektrikli avtomobillər tendensiyasına neft son qoydu. Benzin və dizel yanacağı əlçatan idi və kütləvi avtomobilləşmə zamanı elektrik mühərrikləri unudulmağa başladı. Bu avtomobillər yalnız konsept (bir nüsxədə istehsal edilmiş nümunə avtomobili) kimi sərgilərdə nümayiş olunurdu. 2000-ci illərdən başlayaraq artıq yenidən alternativ enerji ilə çalışan avtomobillərə maraq yaranmağa başladı. Son beş ilin tendensiyası isə məhz elektrik mühərrikli avtomobillərdir.
Hamımız bilirik ki, neftdən yalnız yanacaq hazırlanmır. Dünya neft iqtisadiyyatı yanacaq hazırlamaqdan daha çox digər məhsulların istehsalına və satışına yönəldiyinə görə benzin istehlakını və istehsalını azaltmağa meyillidir. Bu meyli gücləndirmək üçün elektrik mühərrikli avtomobillərlə yanaşı, CNG (sıxılmış təbii qaz), LPG (maye qaz), bioqaz, hidrogen və hətta günəş enerjili avtomobillər istehsalını maliyyələşdirməyə başladılar. Görünən odur ki, benzin və dizel erası bitir. Artıq Avropada dizel mühərrikli avtomobil sahibləri yüksək vergi ilə qarşılaşır və Avropa dövlətləri dizel mühərrikli avtomobiləri ölkələrindən xaric edirlər. Bu avtomobillər isə ucuz qiymətə Azərbaycana gəlir. Bu barədə sonra yazacağam. Hələlik benzini əvəz edəcək yanacaq növlərindən danışmaq istəyirəm.
Elektrik
2020-ci ildə elektrik mühərrikli avtomobilə keçid etmək istəyirəm. Bunu dəb üçün deyil, hər avtomobilə qaz verdiyimdə arxamda dayanan sürücünü və onun ailəsini, kənarda dayanan piyadaları zəhərləməmək üçün edirəm. Hər qaz verəndə vicdanım ağrıyır. Bilmirəm, arzuma çatacağam, ya yox, amma bunu insanlıq adına etmək istəyirəm. Məsələ budur ki, ekoloji məsələlərə “AvtoStop” layihəsindən savayı, heç kim toxunmur. Mən bu məsələdə ekoloji avtomobillərin təbliğatçısı olaraq bir bayraqdar olmaq istəyirəm. Ölkədə mövcud olan elektrik avtomobillərinin sayı mövcud avtomobil sayının 1 faizi belə deyil. Ümumilikdə 10-a yaxın elektrik mühərrikli avtomobil var. Elektrik avtomobillərinin elektrik yüklənməsi mərkəzlərinin sayı isə yeddidir. Onlardan yalnız biri bölgədə, Qubanın Qırmızı qəsəbə adlı qəsəbəsində yerləşir. Səbəb isə məlumdur. Bundan öncə elektrik mühərrikli avtomobillərin ölkəyə idxalı, ölkəyə soyuducu gətirilməsi ilə eyni qiymətə idi. Qanunvericiliyimizdə elektrik mühərrikli avtomobilin idxalı üçün xüsusi bir maddə nəzərdə tutulmayıb.
Əvvəllər elektrik mühərrikli avtomobilin idxalı üçün 18 faiz ƏDV və 15 faiz idxal rüsumu ödənilirdisə, hazırda avtomobilin qiymətinin 15 faizi mislində idxal rüsumu ödənilməlidir. Bu isə qonşu ölkələrlə müqayisədə, çox böyük rüsumdur. Əvvəla, dünyada elektrik avtomobillərinə heç bir vergi tətbiq edilmir. Məsələn, Gürcüstan Respublikasında elektrik avtomobilinin idxalına görə gömrük rüsumu yoxdur. Şanxayda elektrik avtomobillərinin qeydiyyatı pulsuzdur. Norveçdə elektrik avtomobilləri üçün parkinq ödənişsizdir və onlar avtobus zolağı ilə hərəkət edə bilərlər. Biz havaya heç bir ziyan etməyən elektrik avtomobilləri üçün rüsum almalı deyilik. Yenə bir misalı Çin Xalq Respublikasından çəkmək istəyirəm. Dünyanın ən böyük elektrik avtomobili istehsalçısı Çinin BYD şirkətidir. Təkcə Şanxayda 2018-ci ildə satılan elektrik avtomobillərinin sayı Fransa, Almaniya və Böyük Britaniyada satılan elektrik avtomobillərinin ümumi sayından daha çoxdur.
Şencjen şəhərində fəaliyyət göstərən 20 min taksi elektriklə hərəkətə gəlir. “Tesla” şirkəti ölkə xaricində ilk zavodunu Çində açır. Və düyanın ən böyük avtomobil üçün akkumulyator zavodu da Çindədir. BYD-ə məxsus bu zavodun ərazisi 929 kv.m-dir. Əslində, biz Neftçalada avtomobil zavodu deyil, batareya zavodu açsaydıq, daha çox gəlir əldə edərdik. Çində elektrik yükləmə mərkəzlərinin sayı 200 mindən çoxdur. Bu gedişlə 2040-cı ildə Çində bütün avtomobillər elektrik mühərriki ilə hərəkətə gələcəklər. Bununla Çin xaricdən aldığı neft məhsullarının arasından benzin yacağını 0-a endirmək istəyir. Aldığı neft isə digər ehtiyaclara yönələcək. Bəs bizdə necə olmalıdır?
Bizim avtomobil parkımız çox köhnədir. İnsanları yeni avtomobil almağa stimullaşdırmaq lazımdır. İndiki gömrük rüsumları ilə yeni avtomobil almaqdansa, Gürcüstandan köhnə avtomobil alıb sürmək daha sərfəlidir. İlk olaraq yeni avtomobil alınmasını stimullaşdırmaq lazımdır (Növbəti məqaləm avtomobil parkımızın köhnə olması barədə olacaq). Daha sonra artıq zamanın tələbi olaraq elektrik mühərrikli avtomobilə keçid olunacaq.
Bunun üçün:
1. Elektrik avtomobillərinin idxalı və qeydiyyatı rüsumları ləğv edilməlidir.
2. Elektrik avtomobillərinin istifadəsi zamanı güzəştlər tətbiq edilməlidir (pulsuz parkinq, avtobus zolağından rahat istifadə, pulsuz elektrik yükləmə mərkəzləri).
3. Elektrik yüklənmə mərkəzləri açan sahibkarlar gəlir vergisi və ƏDV-dən azad edilməlidirlər.
4. Elektrik avtomobili gətirən avtomobil idxalçılarına vergi güzəştləri tətbiq edilməlidir. Məsələn, hər 10 avtomobildən üçü elektrik mühərrikli olarsa, gömrük rəsmiləşdirilməsinə 50% endirim.
Hidrogen
Bu bölmə çox qısa olacaq. Bir neçə avtomobil istehsalçısı hidrogenlə hərəkətə gələn avtomobil istehsal ediblər (“Hyundai Nexo”, “Toyota Mirai”, “BMW Hiyrdogen 7”, “Audi A7 H-Tron”). Tullantı sularını emal edərək avtomobil üçün yanacağa çevirirlər və bununla da təbiətə heç bir ziyan vurulmur. Hidrogenlə hərəkət edən avtomobilin sürüş məsafəsi də elektrik mühərrikli avtomobildən daha çoxdur: 800 kilometr. 2018-ci ilin noyabr ayında Los-Ancelesdə avtomobil sərgisində idi. “Hyundai” şirkəti özünün hidrogenlə hərəkət edən “Nexo” modelini təqdim edəcəkdi. Təqdimatdan üç gün öncə artıq bütün Kaliforniya ştatında 100-ə yaxın hidrogen yükləmə mərkəzi var idi. Yəni artıq dünya alternativ enerjinin yolunu tutub və o istiqamətdə gedir. Hidrogenin daha bahalı və insfrastruktunun zəif olması onun digər yanacaq növləri ilə birlikdə istifadəsinə şərait yaradır. Məsələn, HCNG - hidrogen və sıxılmış təbii qaz. Lakin hidrogenli avtomobillərin geniş yayılmamasının bir neçə səbəbi var.
● Benzindən daha təhlükəlidir.
● Quraşdırılması və qulluğu daha bahalıdır.
● Bütün yanacaqlardan daha tez buxarlanır. Avtomobil çalışmadığı zaman doqquz günə çənin yarısı buxarlana bilər.
Bu arada, qanunvericiliyimizdə hidrogen mühərrikli avtomobillərin idxalı ilə bağlı müddəa yoxdur. Hamı nədənsə avtomobil dedikdə yalnız benzin və dizel düşünür. Qanunda mütləq müasir avtotendensiyalar nəzərə alınmalıdır. Ona görə diqqətimizi daha sərfəli yanacaq növünə çevirə bilərik.
CNG (sıxılmış təbii qaz)
Hazırda ən əlçatan alternativ yanacaq növüdür. Azərbaycanda CNG ilə çalışan avtomobillərin sayı çox deyil, amma əslində, onu cibinizə ən uyğun yanacaq hesab edə bilərik. İlk olaraq ondan başlayaq ki, CNG təhlükəli deyil. Əgər ixtisaslı servis tərəfindən quraşdırılıbsa, kustar üsulla quraşdırılan balon olmayacaqsa, onun heç bir təhlükəsi yoxdur. ABŞ-da CNG quraşdırılmış avtomobillərin qəza statistikaları araşdırılıb və məlum olub ki, az sayda baş vermiş partlayış qazdan deyil, benzin çənindən olub. Belə baxanda, kustar üsulla quraşdırılmış istənilən bir şey təhlükəlidir. İstər elektrik olsun, istər evdəki qaz balonu.
CNG-nin sərfəli olması ilə bağlı qrafikə nəzər salaq.
CNG ilə təchiz edilmiş avtomobil sahibi 100 km-də 50 faizə qədər qənaət edir. CNG ilə təchiz edilmiş avtomobil havaya zəhərli maddələri dəfələrə az atır və bu mühərriklər Avro-6 standartlarına tam uyğundur. Misal üçün, İtaliyada əgər bir YDM açmaq istəyirsənsə, orada mütləq CNG avadanlığı olmalıdır. CNG digər alternativ enerjilərdən daha ucuz və əlçatan olduğuna görə müxtəlif dövlətlər bunu təşviq edirlər. Bizdə isə CNG ilə çalışan yalnız “Baku Bus”dır. “Partlayır” deyənlərə bir sual verək: “Baku Bus”ın partladığını görmüsünüz?”
CNG-li avtomobil benzindən daha təhlükəsizdir. Əsas məsələ onu kimin və necə quraşdırmasıdır. Ona da sürücü diqqət, dövlət orqanları nəzarət etsə, problem yaşanmayacaq. Cənubi Koreyada istehsal edilmiş avtomobillərin 90 faizi ölkə daxilində qazla təchiz edilir. İxrac olunan avtomobillər isə benzin və dizel mühərrikli olur. Bütün istehsalçıların qaz mühərrikli növləri var. Dediyim kimi, mən dünyanın ən böyük avtomobil sərgilərinə gedirəm. Hər sərgidə “Eco Car” (ekoloji avtomobillər) deyilən bir bölmə var. Orada elektrik, CNG, bioqaz və LPG ilə çalışan avtomobillər nümayiş etdirilir. Özü də bu avtomobillər lüks seqmentinə aid edilən avtomobillərdir. Yalnız ucuz avtomobillərdə CNG olmur.
Bunu dəqiq bilirəm ki, əhali CNG-ə elektrik mühərrikli avtomobillərdən daha sürətli keçid edə bilər. Nəzərə alsaq ki, CNG-nin qiyməti cəmi 45 qəpikdir. Bu, əhali üçün daha sərfəli olacaq. Çox təəssüf ki, bizdə şorla balın qiyməti eynidir. Amma əksinə olmalıdır.
Bunun üçün :
1. Avtomobil idxalçılarına CNG ilə təchiz edilmiş avtomobillərin idxalına görə güzəştlərin tətbiqi. Aksiz vergisinin ləğvi, gömrük rəsmiləşdirilməsi zamanı 50 faiz endirim.
2. CNG-ə keçmək istəyən avtomobil sahiblərinin qeydiyyatının şəffaf və yeni texnologiya üzrə keçirilməsi. FHN CNG avadanlığının təhlükəsizliyini yoxlayıb müsbət rəy veribsə, avtomobilin qeydiyyatı dərhal həyata keçirilməlidir.
3. CNG avadanlıqlarının ölkəyə idxalına vergi güzəştlərinin tətbiqi.
4. Şəhərdaxili və şəhərlərarası nəqliyyatın 100 faiz CNG-ə keçirilməsi.
Əgər fikir verdinizsə, bizim qanunvericiliyimiz alternativ enerji ilə çalışan avtomobillərin idxalının qarşısını alır və ya ən yaxşı halda stimullaşdırmır. Bu, həm də ölkə başçısı tərəfindən qəbul edilmiş “Yol hərəkəti təhlükəsizliyinə aid” dövlət proqramına ziddir.
Fakt budur ki, benzini unutmaq lazımdır. Ölkəni metal tullantılar və zəhərli avtomobillərlə doldurmaq lazım deyil. Ətraf mühitə az ziyan verəcək texnologiyalar tətbiq edilməli və gətirilməsi stimullaşdırılmalıdır. Çünki bizim başqa yerdən gətirəcək havamız, suyumuz və ağacımız yoxdur.