Türkiyədə zəlzələdə həlak olan tələbələrlə vida mərasimi keçirilir - FOTO
Türkiyənin Malatya şəhərində fevralın 6-da baş vermiş zəlzələnin təsirindən uçub-dağılan binanın altında qalan tələbə Samir Quliyevlə Gədəbəy rayonunda vida mərasimi keçirilir.
Vida mərasimindən sonra tələbə torpağa tapşırılacaq.
Şahin Vəliyevlə isə vida mərasimi Gəncədə keçirilir. Ş.Vəliyev Yeni Səbiskar qəbiristanlığında torpağa tapşırılacaq.
Gündüz Nəzərzadə ilə isə Sumqayıt şəhərində, Hümam İsmayıllı isə Corat qəsəbəsində vida mərasimi keçirilir. Vida mərasimində mərhumun ailə üzvləri, ictimaiyyət nümayəndələri, şəhər sakinləri və s. şəxslər iştirak edir.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşok qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkiyə səbəb olub.
İki zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.
Malatya şəhərindəki İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışdan sonra fevralın 14-də tapılıb.