Yayılan qripi sağaldan dərman apteklərdə tapılmır - Qutusu 45 manatdır

Ümumdünya Səhiyyə Təşkilatının bir sıra Avropa ölkələrində epidemiya elan etdiyi influenza virusu bir neçə aydır Azərbaycanda da geniş yayılıb. Səhiyyə Nazirliyi virusla bağlı açıqlama yayaraq həm uşaqlar, həm də böyüklər arasında müşahidə olunduğunu təsdiqləyib. Virusa yoluxanlar 40-a çatan hərarət, burun axması, boğaz, baş, qulaq, əzələ-sümük ağrıları və şiddətli öskürəkdən əziyyət çəkirlər. 

Lakin influenza virusu ilə bağlı rəsmi məlumat açıqlansa da, dövlət tibb müəssisəslərində bu virusla bağlı müayinələr aparılmır.

Bu barədə “Qafqazinfo”ya vətəndaşlar müraciət ediblər. Onlar şikayətlənirlər ki, virus əlamətləri ilə dövlət tibb müəssisələrinə üz tutsalar da, onlardan sözügedən virusla bağlı yaxma götürülmür: “İnfluenzanın məlum olan növləri (A, B, C) test vasitəsilə müəyənləşdirilir. Lakin dövlət xəstəxanalarında virusun növlərinin diaqnostikası aparılmır. Nəticədə dəqiq olmayan diaqnoz qoyulur, düzgün olmayan müalicə aparılır, ehtiyac olmadığı halda xüsusilə azyaşlılara ağır antibiotiklər təyin edilir. Ən yaxşı halda xəstəlik müddəti uzanır. Məcbur olub özəl klinikaya müraciət etdik. Orada influenzanın A ya B olduğunu müəyyən etmək üçün 60 manat ödəniş etməli olduq”. 

Özəl klinikalarda bu müayinələr aparılsa da, qiymətləri heç də hər kəsin büdcəsinə uyğun deyil. Virusun A və B növünə yoluxmanı bilmək üçün testlərin qiyməti klinikadan asılı olaraq 37-61 manat arasında dəyişir. 

Həmçinin virusla bağlı vətəndaşlara yazılan dərmanlar da əlçatan deyil. Xüsusən influenza virusunun müalicəsində istifadə olunanlar kifayət qədər bahalıdır. Məsələn, influenzanın müalicəsində istifadə olunan “Oseflu”nu satışda tapmaq müşkül məsələdir. Paytaxtın əksər aptek şəbəkələri ilə əlaqə saxlasaq da, bu antiviral dərmanın satışda olmadığını dedilər. Yalnız sifarişlə gətirilən dərmanın bir qutusunun qiyməti 45 manatdır. 

İnfeksionist Vüqar Cavadzadə bildirib ki, influenzanın C növünə insan ömründə bir dəfə yoluxur, təkrar xəstələnmə olmur. Amma virusun hansı növünə yoluxma xəstəliyin klinikasında və müalicəsində heç bir rol oynamır:

“İnfluenzanın A növünün özünün də çoxlu sayda streotipləri var. İnsan hər dəfə ayrı-ayrı streotiplərlə xəstələnir. Bunların hamısının klinik gedişləri oxşardır. Hazırda ölkədə kəskin infeksion virus infeksiyaları yayılıb.

Xəstəyə qrip diaqnozunun qoyulması üçün PZR testi aparılmalıdır. Səhiyyə Nazirliyi bir müddət əvvəl açıqlama yaydı ki, hazırda yayılan virus influenzadır. Onlar test aparıblar ki, nəticələri cəmiyyətə açıqlayıblar. Lakin influenzanın hansı tipi, hansı streotipi olması fərq etmir. Müalicədə də bunları ayırmırlar. Hamısı eyni müalicəni alır”.

Problemlə bağlı Səhiyyə Nazirliyin mütəxəssis eksperti, infeksionist Təyyar Eyvazov bildirdi ki, hər il Şimal yarımkürəsində yerləşən ərazilərdə soyuq aylarda (əsasən dekabr-mart aylarında) mövsümi qrip (influenza) infeksiyasının müxtəlif ştamları yayılır. Hazırda Azərbaycanda da belə vəziyyət mövcuddur:

“Klinik əlamətlərə görə qripin yayıldığı dövrdə bu infeksiyanın xəstədə olmasını yalnız ehtimal etmək olar, diaqnozun təsdiqlənməsi xüsusi laborator müayinənin aparılması ilə mümkündür. Ölkədə ümumi epidemioloji vəziyyətə nəzarət etmək, profilaktik tədbirlərin və vaksinasiyanın həyata keçirilməsi üçün bu cür müayinələr seçmə üsulu ilə və ya risk qruplarına daxil olan xəstələrin müraciəti əsasında aparıla bilər. 

Heç bir ölkədə qrip mövsümündə bütün yoluxanların qripə görə laborator müayinəsi aparılmır. Ölkəmizdə də epidemioloji vəziyyətə nəzarət, epidemik dövrdə qripin hansı ştamlarının dövr etməsini müəyyən etmək üçün xəstələrin burun-udlaq nahiyəsindən götürülmüş yaxmaların molekulyar üsulla (PZR) müayinəsi Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin müvafiq laboratoriyasında aparılır”. 

T. Eyvazovun sözlərinə görə, qripə görə laborator müayinələrin aparılması xəstələr üçün deyil, yalnız ölkədə dövr edən ştamların müəyyən edilməsi üçün lazımdır: “Nəzərə almaq lazımdır ki, hələ də koronavirus pandemiyası davam edir və yuxarı tənəffüs yollarının zədələnməsi olan şəxslərdən tibb müəssisələrinə müraciətlər əsasında uyğun yaxmalar götürülərək məhz bu Mərkəzdə müayinə olunur. Hazırda qripin mövsümi yayılması ilə əlaqədar laboratoriyaya göndərilən nümunələrdən seçmə üsulla bir qismi eyni zamanda qripə görə də müayinə olunur və bəzi hallarda koronavirus deyil, məhz qrip infeksiyası təsdiqlənir. 

Beləliklə, qripə görə laborator müayinələrin aparılması xəstələr üçün deyil, yalnız ölkədə dövr edən ştamların müəyyən edilməsi və növbəti il üçün yeni vaksinlərin hazırlanması üçün əhəmiyyətlidir. 

Yanaşı xəstəlikləri olmayan şəxslərdə qrip infeksiyası əsasən yüngül, fəsadsız keçir, qısa müddət ərzində öz-özünə sağalma ilə nəticələndiyindən müalicə adətən siptomlara görə aparılır. Yəni belə xəstələrdə testləmə nəticəsində diaqnozun dəqiqləşdirilməsi müalicəvi yanaşma baxımından xəstə üçün heç nəyi dəyişmədiyindən bu cür müayinələrin rutin aparılmasına ehtiyac yoxdur və bütün beynəlxalq protokollar da bu qaydanı dəstəkləyir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ