“Türkiyənin Malatya şəhərində fevralın 6-da baş vermiş zəlzələnin təsirindən uçub-dağılan binanın altında qalan azərbaycanlı tələbələrin nəşi sabah Azərbaycana gətiriləcək”.
Bunu Buta.media-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, zəlzələ bölgəsindən vətəndaşlarımızın təxliyəsi ilə bağlı yeni məlumat yoxdur:
“Bu günə qədər 513 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunublar”.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşok qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkiyə səbəb olub.
İki zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.
Malatya şəhərindəki İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışdan sonra fevralın 14-də tapılıb.