Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının qeyri-sabit keçməsinin səbəblərini açıqlayıb.
Buta.media-nın məlumatına görə, Nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva "Report"a deyib ki, aprel keçid ayı olaraq, havanın son dərəcə qeyri-stabilliyi ilə seçilir.
O qeyd edib ki, şimal yarımkürəsinin atmosferi bütövlükdə yay rejiminin sirkulyasiyasına keçməsinə baxmayaraq, meridianlıq fartorunun yüksək olması hesabına “soyuqların qayıdması” müşahidə edilir:
"Ayrı-ayrı anomal soyuq illərdə aprel ayının orta temperaturu normadan 5-6 dərəcə aşağı ola bilər. Bu aprel ayını ümumi xarakterizə edən, keçid dövrü olmasının göstəricisidir. Gündəlik havada isə orta sutkalıq temperaturun ümumi yüksəlməsi fonunda bu soyuq hava kütlələrinin daxil olmasında özünü göstərir. Bəzi hallarda geri qayıdan soyuqlar böyük əraziləri əhatə edir, uzun müddət saxlanılır və kəskin şimal küləkləri ilə müşayiət olunur".
"Aprelin 18-dən 22-dək şimal enliklərindən uzun sürən soyuq hava kütlələrinin daxil olması ölkədə qeyri sabit hava şəraitini yaradıb. Dağ və bəzi dağətəyi rayonlarda yağıntılar qara keçməklə 2-14 sm. qalınlığında qar örtüyü yaranıb".
"Bu günlərdə havanın orta sutkalıq temperaturu iqlim normasından 3,5-6,0 dərəcə, Bakıda isə ayın 20-də normadan 6,6 dərəcə aşağı enib. Bu günlərdə qeyd olunmuş soyuqlar rekord göstərici deyil. Son 2 onillikdə rekord anomaliya 2004-cü ilin 5 aprel tarixində müşahidə olunub ki, bu zaman Bakı şəhərinə çoxlu qar yağmışdır.", - U.Tağıyeva əlavə edib.