Deputat: Sahibsiz itlərin hamısı öldürülməlidir

Milli Məclisin deputatı Araz Əlizadə Binəqədi rayonunun Sulutəpə qəsəbəsində itin 4 yaşlı uşağın üzünü parçalamasından danışıb. 

Buta.media-nın məlumatına görə, bunu Araz Əlizadə Demokrat.az-a açıqlamasında bildirib ki, sahibsiz itlərin hamısı öldürülməlidir:

"Sahibsiz itləri öldürən adamlara qarşı cərimə tətbiqi düzgün deyil. Sovet İttifaqı dövründə də sahibsiz itlər öldürülürdü. Hətta, bununla bağlı xüsusi İdarə var idi. Sahibsiz itləri öldürmək lazımdır. Hər zaman sahibsiz itləri öldürüblər". 

Deputat Azərbaycanda sahibsiz itlərin qorunması kimi addımların Qərb dövlətlərindən götürülən pis təcrübə olduğunu söyləyib:

"Qərbdə şou biznes adamları qocalıb əldən düşəndən sonra itlərə baxmağa başlayırlar. Bizdə də öyrəşiblər bunu təkrar etməyə. Ac uşaqlara çörək vermirlər, amma gedib sahibsiz itlərə milyonlar xərcləyirlər. Qərbdəkiləri başa düşdük ki, qocalıblar, ağıl yoxdur. Bəs bizimkilərə nə gəlib? Üzr istəyirəm bu ifadəmə görə, dallarına şalvar ala bilmirlər, amma it saxlayırlar". 

Araz Əlizadə Azərbaycanda itlərin xüsusi yerlərdə öldürülməsinə tərəfdar olduğunu bildirib:

"Sahibsiz itləri camaatın gözü qabağında öldürmək də olmaz. Uşaqların psixologiyasına pis təsir edər. Yaxşı olar ki, sahibsiz itləri müəyyən olunan yerlərdə öldürsünlər". 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ