"Gözlərimin yaşı dayanmır" - Tehranda terorrçunu zərərsizləşdirən şəxsin valideyni

Bu gün səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində yaralananlardan biri də Vasif Naqif oğlu Tağıyevdir. O, əliyalın olmasına baxmayaraq silahlı terrorçunu zərərsizləşdirə və terror aktı zamanı daha çox insanın xəsarət almasına mane ola bilib. Nəticədə özü avtomat qundağı zərbəsindən və şüşə qırıntısından xəsarət alıb.

Sfera.az-ın əməkdaşı qəhrəmanımızın anası Təranə Tağıyeva ilə həmsöhbət olub. 

V.Tağıyevin anası övladının cəsarətli addımını təqdir etməklə yanaşı, kifayət qədər narahat qaldıqlarını deyib: “Bir ana üçün bu, ancaq fəxr ola bilər. Amma həm də bütün günü həyəcan keçirmişəm. Vasifin oradakı yoldaşı güllə yarasından vəfat etdi, buna görə pis olduq. Həm də övladımın o vəziyyətdə olması məni qorxutdu. Səfirliyin binasında işçilərin ailələri də yaşayır, Vasif bu hərəkəti etməsəydi, əlində avtomat olan şəxs onların hamısına zərər verəcəkdi, bəlkə də... Bayaqdan gözlərimin yaşı dayanmır. Balalarımız yazıqdır, heç birinə heç nə olmasın. Bir ana kimi Vasiflə həm qürur duyur, həm də ona dua edirəm”.

T. Tağıyeva artıq oğlu ilə əlaqə yaratdığını bildirib: “Vasif indi həkimlərin nəzarətindədir, üzündən yaralanıb. İnşallah vəziyyəti düzələr, evinə-eşiyinə dönər. Özü ilə bir dəfə əlaqə saxladıq. Yazdım ki, Vasif, səsini mənə göndər, narahat qalmayım. “Ana, yaxşıyam, narahat olma”, desə də, cavabı məni qane etmədi. Oğlumla görüntülü danışmaq, bu bəladan necə qutardığını görmək istədim. Danışdıq, gördüm ki, üz-gözü, üst-başı qanın içindədir. Bir anlıq elə bildim ki, güllə yarasıdır, amma Vasif elə olmadığını dedi. Bilmirəm, yalan deyir ya yox, amma əsas odur ki, səsini eşitdim”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ