Səfirliyə hücumla bağlı cinayət işi başlandı - DTX

Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

“27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum edilib.

Hücumu edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq səfirliyin mühafizə xidmətinin rəisi Əsgərov Orxan Rizvan oğlunu qətlə yetirməklə yanaşı, daha iki mühafizəçiyə xəsarət yetirib. Bununla belə, səfirliyin əməkdaşları cinayətkarı tərksilah etməklə onun cinayət əməllərini dayandırıblar.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.2, 120.2.1, 12.2, 120.2.4, 12.2, 120.2.11, 12.2, 29, 120.2.7, 12.3, 214.2.1, 12.3, 214.2.3 və 12.2, 228.2.1-ci maddələri ilə cinayət işi başlanılıb.

Hazırda istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İran İslam Respublikasının aidiyyəti qurumlarına aparılan araşdırmalarla bağlı zəruri məsələlərin həllinə dair müraciət edilib.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terrorçuluq əməlləri ilə bağlı bütün halların tam və hərtərəfli araşdırılması təmin ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - məlumatda deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ