Masallı rayon Bədəlan kənd sakini Kamal Əzizov Dövlət Yol Polisi əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlər etdiyini iddia edir.
“Qafqazinfo”ya müraciət edən vətəndaş bildirib ki, hadisə 21 yanvar 2023-cü ildə Masallı və Lənkəran rayonları arasındakı ikinci dərəcəli magistral yolda baş verib. Onun sözlərinə görə, polis əməkdaşları yolda onu saxlayıb, məcburi qaydada narkoloji testdən keçmək üçün xəstəxanaya aparıblar:
“Həyat yoldaşım hamilə olduğu üçün səhhətində problem yarandı. Onu təcili Lənkəran şəhərində yerləşən xəstəxanaya aparmalı oldum. Təqribən saat 9 tamamda 2-ci dərəcəli Masallı-Lənkəran yolunda 90-CC-470 dövlət nömrə nişanlı şəxsi avtomobilimlə yoldaşımı Lənkəran şəhərində yerləşən xəstəxanaya apararkən yol polisi əməkdaşları saxla işarəsi verdilər. Maşından düşüb onların maşınına yaxınlaşdım heç bir qayda pozuntusuna yol vermədiyimi, avtomobilimdə hamilə həyat yoldaşım olduğunu, təcili xəstəxanaya çatdırmalı olduğumu bildirdim. Gecə yoldaşımın ağrıları olduğundan yatmadığım üçün gözlərimdən yorğunluğum hiss olunurdu. Onlar isə bunu görüb mənim içkili və ya narkotik təsiri altında olduğum qənaətinə gəldilər. Onlarla birlikdə narkoloji yoxlamaya getməli olduğumu bildirdilər. Mən isə həyat yoldaşımın vəziyyəti ilə əlaqədar gecə yatmadığımı və onun tibbi yardıma ehtiyacı olduğu üçün xəstəxanaya çatdırmalı olduğumu dedim. Buna baxmayaraq, onlar məni narkoloji yoxlamaya apardılar. Yoxlama zamanı testin nəticəsi neqativ çıxdı. Mən narkoloji testin nəticəsini tələb edəndə dedilər ki, nəticə bizdə qalsın, sən get. Əks halda sənə cərimə yazarıq. Təkid edərək nəticəni alıb, oradan çıxdım. Evə gəldikdən sonra SMS vasitəsilə cərimə olunmağım barədə məlumat aldım. Təhlükəsizlik kəmərini bağlamadan maşını idarə etməyə görə 40 manat cərimə olunmuşdum”.
Vətəndaş bildirir ki, polis əməkdaşlarının səhlənkarlığı nəticəsində həyat yoldaşının vəziyyəti pisləşib və hazırda müalicə alır: “Köməyə ehtiyacım olmasına baxmayaraq, əksinə bizi yarım saatdan çox yubatmaları polis əməkdaşlarına yaraşan bir hərəkət deyildi”.
Məsələ ilə bağlı DİN-in Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, sözügedən müraciətlə bağlı araşdırma zamanı müəyyən edilib ki, həmin sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün idarə etdiyi nəqliyyat vasitəsi Lənkəran rayonun Girdəni kəndi ərazisində yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb:
“Saxlanılan zaman sürücünün özünün də qeyd etdiyi kimi onun zahiri görünüşündən spirtli içki və ya narkotik vasitənin sərxoşluğu altında olmasına dair şübhə yarandığından həmin şəxsin tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsi neqativ olduğu üçün barəsində yol verdiyi qayda pozuntusu ilə bağlı, yəni təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün inzibati qaydada protokol tərtib edilib və sürücü yoluna davam edib”.