“Avropa İttifaqı missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsi təhlükəlidir və bundan çəkinilməlidir”.
Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Avropa İttifaqı (Aİ) Şurasının Ermənistanda monitorinq missiyasının yaradılması ilə bağlı qərarına dair şərhində əksini tapıb.
Qeyd olunub ki, Azərbaycan, Aİ Şurasının Ermənistanda Aİ-nin mülki missiyasının yaradılması ilə bağlı qəbul etdiyi qərarı qeydə alır.
Bildirilib ki, belə bir fəaliyyətin, sırf ikitərəfli əsasda həyata keçirilməli olan sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək məqsədilə sui-istifadə edilməməli olduğuna dair öz qəti mövqeyimizdə qalırıq.
“Aİ missiyasının Ermənistanda yerləşməsinin müvafiq qaydada Azərbaycanın legitim maraqlarını nəzərə alması, habelə Aİ tərəfindən bu missiyanın fəaliyyətinin qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməsi təmin edilməlidir.
Azərbaycan tərəfi, Aİ missiyasının fəaliyyətə başlaması ilə bağlı müzakirələr prosesində keçmiş təcrübədən irəli gələn lazımi dərslərin çıxarılmasına maksimum diqqət yetiriləcəyini gözləyir.
Aİ-nin Ermənistan ərazisində monitorinq fəaliyyəti 6 oktyabr 2022-ci il tarixində Azərbaycan, Ermənistan, Fransa liderləri və Aİ Şurasının sədri arasında keçirilmiş Praqa görüşündə əldə olunmuş razılaşmadan irəli gələrək mülki monitorinq missiyasının yerləşməsi ilə başlayıb. Azərbaycan, normallaşma prosesinə kömək göstərəcəyinə inanaraq, bu fəaliyyətin həyata keçirilməsinə razılıq verib.
İki aylıq missiyanın dəqiq müəyyən edilmiş parametrlərinin və məqsədlərinin yüksək səviyyədə razılaşdırılılmasına baxmayaraq, bəzi Aİ üzv dövlətlərinin qərəzli yanaşma sərgiləməsindən sonra monitorinq missiyasının fəaliyyəti Praqada əldə edilmiş razılaşmalarla ciddi ziddiyyət təşkil etdiyi müşayiət olundu. Bu da öz növbəsində, Aİ çərçivəsində qərar qəbuletmə prosesini etibarlılığı və şəffaflığı ilə bağlı ümumi etimada təsir etdi.
Əslində isə, Aİ-nin Ermənistanda monitorinq missiyasının mövcudluğu Ermənistan tərəfindən hər üç istiqamətdə normallaşma prosesini pozmaq cəhdlərinin artması, o cümlədən Azərbaycan, Ermənistan və Aİ Şurası liderlərinin üçtərəfli görüşünə əsassız ittihamlarla zərbə vurulması ilə üst-üstə düşdü. Beləliklə, Aİ missiyasının normallaşma gündəliyinin irəli aparılmasına töhfə verəcəyi ilə bağlı ilkin gözləntilər sarsıldı.
Azərbaycan, Aİ-nin Ermənistanda iki aylıq mülki missiyasının başa çatmasından sonra burada fəaliyyətini davam etdirmək marağında olmasını nəzərə alaraq, Aİ ilə məsləhətləşmələr zamanı xoş niyyətlə çıxış edib, habelə öz mövqeyini, gözləntilərini, narahatlıqlarını aydın və şəffaf şəkildə qarşı tərəfə çatdırıb.
Azərbaycan tərəfindən Aİ nümayəndələri ilə müxtəlif səviyyələrdə keçirilmiş bir sıra məsləhətləşmələrdə Aİ-nin Ermənistanda missiyasının mövcudluğunun Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması üçün bəhanəyə çevrilməməsinin zəruriliyi bildirilib”, - XİN-in şərhində vurğulanıb.