Keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzillər satışa çıxarılır - video

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi keçmiş məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli binalardakı istifadəsiz qalan mənzillərin satışı ilə bağlı əhaliyə müraciət edib.

Bu barədə agentliyin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov sosial şəbəkədə məlumat paylaşıb.

Onun sözlərinə görə, son günlər bəzi ev alqı-satqısı ilə məşğul olan dəllallar (rieltorlar) tərəfindən Nazirliyin onlayn qaydada satışa çıxardığı mənzillərin alınmasında vasitəçilik təkliflərinə dair elanlarına rast gəlinir:

“Sui-istifadə, insanları aldadaraq qazanc əldə etmək məqsədi daşıyan belə vasitəçilik elanlarına, təkliflərinə aldanmayın! Çünki mənzillərin satışı ms.sosial.gov.az portal üzərindən onlayn qaydada aparılacaq, ona görə də burada vasitəçiyə heç bir ehtiyac yoxdur.

Hər kəs də asan və rahat şəkildə həmin portala daxil olub, satışa çıxarılan mənzillərlə ətraflı tanış ola bilər. Seçdiyi mənzili də gələn həftənin ilk günü, bazar ertəsi saat 10-dan (onlayn satışa həmin vaxt başlanacaq) sonra bron edərək ala bilər.

Onu da bildirim ki, mənzillər Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən yeni yaşayış binalarında yerləşən, tam təmirli, indiyədək istifadə olunmamış, çıxarışlı, bankların ipoteka krediti ilə də alınması mümkün olan mənzillərdir”.

Qeyd edək ki, evlərin satılma prosesi yanvarın 23-də saat 10:00-da başlayacaq.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ