Azərbaycan əsilli tanınmış fransalı fotojurnalist Reza Deqati 20 yanvar faciəsi zamanı gizli çəkliş aparıb.
Buta.media Deqatinin xətirəsini təqdim edir:
"90-cı ilin yanvarın 20-si idi. Parisdə idim. O zaman UNESCO-da işləyən azərbaycanlı diplomat Ramiz Abutalıbov səhər-səhər mənə zəng vurub "Bakıda baş verənlərdən xəbərin var?", - deyə soruşdu. Dedim, yox bilmirəm. Dedi, onda gəl görüşək. Bir kafedə görüşdük. O mənə sovet qoşunlarının Bakıya müdaxilə etməsindən, dinc əhaliyə divan tutmasından, çoxlu yaralanan və ölənlərin olmasından bəhs etdi. Dedi ki, sən Bakıya get, bu faciəni əks etdirən fotolar çək və gətir ki, biz sovetlərin törətdikləri bu qanlı cinayəti bütün dünyaya bəyan edək. Viza almaq üçün sovet səfirliyinə yollandım. Səbəb kimi Moskvada Böyük Teatrın tamaşaları haqqında reportaj hazırlaycağımı söylədim. “Bakıya gedib faciəni əks etdirən fotolar çəkəcəm” deyə bilməzdim, çünki bu halda viza verməyəcəklərdi. Nə isə...
Vizanı aldım. Gəldim Moskvaya. İndi Bakıya getmək lazım idi. Şansımızdan həmin gün Bakıya yola düşən bir qatar var idi ki, dostlarım məni gizlicə bu qatara mindirib, bütün 48 saatlıq yol boyu yoxlamalardan gizlətdilər. Nəhayət Bakıya yetişdik. Qatardan enmək də bir başqa müşkül iş idi. Bütün vağzal əsgərlərlə dolu idi və hər kəsin sənədləri yoxlanılırdı. Dostlarım sağ olsunlar. Yenə məni bir kələklə qatardan endirib qalacağım mənzilə apardılar. Mənə dedilər ki, “ətraf “KQB” agentləri ilə doludur. Çalış, kameranı göstərib özünü bada verməyəsən”.
İşə başladım. Mən bilirəm bu fotoları çəkib qurtarana qədər nə zülm çəkdim. Hər çəkdiyim foto sonuncu ola bilərdi. Nə isə... İşimi bitirdim. Döndüm Parisə. Gətirdiyim fotoları mətbuat orqanlarına çatdırdıq və sabahı gün bütün dünya sovetlərin Bakıda törətdiyi cinayətlərdən xəbərdar oldu".