Xarici İşlər Nazilriyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə yanvarın 18-də Ermənistan parlamentində sualları cavablandıran Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Ermənistanın bir aydır Azərbaycandan sülh müqaviləsinə təkliflərlə bağlı cavab gözlədiyini, Azərbaycan tərəfinin isə danışıqları dayandırdığını bildirməsi” ilə bağlı KİV-lərin suallarını cavablandırıb.
“Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin, o cümlədən sülh müqaviləsinin imzalanmasının təşəbbüskarının Azərbaycan olduğunu nəzərə alaraq, Ermənistan tərəfinin bu cür açıqlamalar verməsi təəccüb doğurur. Sülh sazişi üzrə danışıqların bir qayda olaraq Ermənistan tərəfindən təqdim olunan şəkildə aparılmadığını qarşı tərəfə bir daha xatırlatmaq istərdik.
Məlumdur ki, sülh sazişi üzrə mətn müzakirələr üçün Azərbaycan tərəfindən ötən il oktyabrın 2-də Cenevrədə təqdim edilib və sənəd üzrə müzakirələr Vaşinqtonda davam etdirilib. Danışıqlar prosesinin davamı olaraq üçüncü görüşün ötən il dekabrın 23-də Moskvada keçirilməsinə razılıq verilməsinə baxmayaraq, məhz Ermənistan tərəfi birtərəfli əsasda görüşdə iştirak etməyib, bununla da danışıqlar prosesini pozub.
Bir daha bəyan edirik ki, Azərbaycan sülh prosesinin 5 baza prinsipi əsasında sülh sazişinin imzalanmasına və sözügedən sazişin mətninin təşəbbüskarı kimi danışıqlar üzrə növbəti görüşün qısa müddət ərzində keçirilməsinə hazırdır.
Azərbaycan tərəfi Ermənistandan sülh prosesinə xələl gətirən təxribatçı açıqlamalar yox, məhz sülh müqaviləsinin mətni üzrə danışıqlar aparmaq məqsədilə növbəti görüşün keçirilməsinə razılıq verməsini gözləyir”, - A. Hacızadə deyib: