Uşaq evində böyüyən Vətən müharibəsi şəhidi Əmrah Rajapovun anası olduğunu bildirən qadın ortaya çıxıb.
Bu barədə Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, Ə. Rajapov ailəsinin tapılmaması səbəbindən 5 ay morqda qalıb. Yaxın qohumları, ailəsi tapılmadığına görə, DNT testi verilməyib. Buna görə də, kimsəsiz kimi dəfn edilib:
“Atası və anasının Əmrah kiçik olanda öldüyü deyilsə də, hər ikisi sağ imiş. İki gün əvvəl bir şəhid yaxını zəng etdi, Əmrahın anasının sağ olduğunu və mənimlə danışmaq istədiyini dedi. Bu gün danışdıq, həyatını qısaca anlatdı. Anası Gövhərcan Rajapova Yaraş qızı Türkiyədə yaşayır. Əslən türkmənistanlıdır. Anası onu istəmədiyi bir oğlanla zorla evləndirib və Goranboyda yaşayıblar. Bir müddət sonra isə ayrılıblar. Əmrahın 7 yaşı olanda Gəncədə kirayə ev tutub, onu nənəsi və bacısına əmanət edərək Türkiyəyə işləməyə gedib”.
E. İslamoğlunun sözlərinə görə, anası bir müddət işləyib uşaqlarına pul göndərib. Bir müddət sonra isə əlaqələri kəsilib. Nənəsi vəfat edəndən sonra Əmrah uşaq evinə verilib və orada böyüyüb:
“Gövhərcan Rajapova deyir ki, Əmraha anasının və atasının öldüyü deyilibmiş. Gövhərcan Türkiyədə ailə qurub. Beş yaşında bir qızı da var. Amma deyir ki, heç bir sənədi yoxdur. Əmrahın şəhid olmasını da 2022-ci ilin sonlarında qonşu qızın telefonundakı "TikTok"dan öyrənib. Bacısına və anasına çox qəzəblidir. Hazırda heç bir sənədi yoxdur. Sənədlərini düzəldib oğlunun məzarına gəlmək istəyir. Türkiyədən çıxış qadağası olduğuna görə indiyədək Azərbaycana gələ bilməyib”.
Qeyd edək ki, Ə.Rajapov 2000-ci ildə Gəncədə anadan olub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb. O, Füzuli uğrunda gedən döyüşlərdə oktyabrın 8-də şəhidlik zirvəsinə ucalıb və Gəncənin Şəhidlər xiyabanında torpağa tapşırılıb.
G. Rajapova ARB telekanalında canlı yayımlanan “Səni axtarıram” verilişinə telefonla qoşularaq hazırda Türkiyədə yaşadığını və təmizlik işində çalışdığını deyib.
O, övladının 12 yaşına qədər bacısı ilə yaşadığını bildirib:
“Övladım nənəsi və babası ilə yaşayırdı. Daha sonra mənə zəng edib dedi ki, onlarla qalmaq istəmir. Səbəb isə nənəsinin onu döyməsi olub. Bundan sonra mən bacım üçün ev tutdum və oğlumu da onun yanına qoydum. Dedim ki, hər ay da pul göndərəcəm. Daha sonra da yanıma aparacaqdım. Amma o məndən xəbərsiz övladımı uşaq evinə qoyub. Oğlumun şəhid xəbərini isə dekarın 8-də sosial şəbəkədən öyrəndim”.