Koronavirus (COVID-19) pandemiyası artıq 3 ilə yaxındır ki, davam edir. Son vaxtlar dünyanın əksər ölkələrində yeni yoluxma və ölüm hallarının azalması müşahidə edilməsinə baxmayaraq, beynəlxalq ekspertlər hələ də təhlükənin tam aradan qalxmadığı qənaətindədirlər. Bunun əsas səbəbi ondan ibarətdir ki, virus durmadan mutasiya edərək dəyişir, yəni əvvəlki ştamlardan fərqli xüsusiyyətlər kəsb edir.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Həkim bildirib ki, epidemioloji qanunlara görə, virusun yeni variantı həyat qabiliyyətlidir. Eyni zamanda, virusun yayılma sürətinin artması ilə yanaşı onun patogenliyi azalmış olur.
“Bunu Omikron ştamının timsalında müşahidə edirik. Lakin yaddan çıxarmaq olmaz ki, istisnalar da mümkündür və vaxtilə dominant olmuş Delta ştamı buna sübutdur. Pandemiyanın son bir ilində Omikron ştamı peyda oldu və virusun bu variantı qeyd etdiyimiz qanunauyğunluğa müvafiq olaraq daha sürətli yayılaraq, qısa müddət ərzində çoxsaylı insanın yoluxaraq xəstələnməsinə və beləliklə kütlə immunitetinin formalaşmasına səbəb oldu”, - deyə o əlavə edib.
Təyyar Eyvazov qeyd edib ki, artıq 30-ya yaxın ölkədə məhz Omikron XBB. 1.5 alttip yayılmaqdadır:
“Yeni yarandığı üçün hələlik bu ştam haqqında bilgilər məhduddur. Qeyd olunur ki, Omikronun digər variantları ilə müqayisədə daha sürətli yayılmaq xüsusiyyətinə malik olsa da, xəstəlik törətmək qabiliyyətinə görə bir o qədər də fərqlənmir. Müxtəlif ölkələrdə virusa qarşı fərqli immunlaşma səviyyəsi mövcud olduğundan bu variantın bütün ölkələrdə yeni bir dalğaya səbəb olacağını proqnozlaşdırmaq çətindir. Ehtimal var ki, məhz kütləvi immunitetin aşağı olan ölkələrdə biz bunu müşahidə edəcəyik”.
İnfeksionist əlavə edib ki, hazırda Omikron XBB. 1.5 ştamının Azərbaycanda yayılmasının təsdiqi yoxdur:
“Bu virus variantı əksərən yüngül, fəsadsız xəstələnmə halları törətsə də, koronavirusa qarşı immuniteti olmayan və ya müxtəlif səbəblərdən zəifləmiş immunitetə malik, o cümlədən ağır xroniki xəstəlikləri olan və yaşlı insanlara ehtiyatlı olmalarını tövsiyə edirik. Ona görə də əhaliyə, xüsusən də risk qrupuna aid edilən şəxslərə sayıqlığı əldən verməmək, sıx təmasları mümkün qədər azaltmaq və vaksinasiyanı tamamlamaq tövsiyə olunur”.