Naxçıvanda bir qrup taksi sürücüsü etiraz aksiyası keçirib.
Bu barədə jurnalist Heydər Oğuz feysbuk hesabında paylaşım edib.
O qeyd edib ki, etirazçılar Ali Məclisin önündə toplaşıblar. Onlar Muxtar Respublikanın əvvəlki rəhbərliyi tərəfindən sürücülərə satılan maşınların qiymətinin süni şəkildə şişirdildiyini deyiblər. Vətəndaşlar taksi sürmək üçün məcburi qaydada 35 min manata "Naz-Lifan" aldıqlarını bildiriblər. Onların sözlərinə görə, maşınların əsl qiyməti 17 min manatdır. Üstəlik, 2017-ci il istehsallı maşınları onlara 2022-ci il istehsalı adı ilə satıblar.
Sürücülər etiraz zamanı bildiriblər ki, keçmiş sədr Vasif Talıbovun dövründə Naxçıvanda başqa model avtomobillə taksi fəaliyyəti göstərmək mümkün olmayıb.