Artıq bütün ölkə Şuşanın təhvil verildiyini bilirdi - şəhəri Elbrus Orucov satıb. Təhvil verilməyib, təslim edilməyib - satılıb! Mən o zaman soruşdum ki, doğrudanmı bütün Azərbaycanda bu cür alçaq xəyanətə görə məni güllələməyə cəsarət edən bir nəfər yoxdur? Yaxud Laçında niyə heç kim bunu etməyib? Sual ritorikdir.
Bunu Haqqin.az-a müsahibəsində Azərbaycan müdafiə nazirinin sabiq müavini, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin sabiq rəisi Elbrus Orucov deyib.
“Mən sizə şayiələrin dəhşətli gücü haqqında artıq danışmışam. Elbrus Orucovun guya Şuşanı ermənilərə satması versiyasının əsasında real məlumatlar var - ermənilərin işğalı ərəfəsində Şuşaya 20 milyon manat pul köçürülüb. İndiki məzənnə ilə 10 milyon dollara yaxındır”, - deyə E.Orucov bildirib.
Onun sözlərinə görə, Şuşanın sabiq başçısı Nizami Baxmanovdan bu pulun taleyi barədə soruşduqda o, bu məbləğin “Sberbank”dakı hesaba köçürüldüyünü təsdiqləyib.
“Bəs bu 20 milyonu “Sberbank”dan kim götürüb? Araşdırma zamanı məlum olub ki, həmin pullar Şuşa RPŞ-nin rəis müavini Eldəniz Quliyevin maşını ilə çıxarılıb. Daha sonra sürücü həbs edilib və etiraf edib ki, Nizami Baxmanov və Eldəniz Quliyev pul kisələri ilə Bərdəyə gediblər. Bu ifadəni verdikdən sonra sürücü istintaq təcridxanasının kamerasında boğularaq öldürülüb. Eldəniz Quliyev məlum olduğu kimi Zaqatalada tutularaq asılıb. “Sberbank”ın direktoru öz çarpayısında boğularaq öldürülüb, 20 milyonun oğurlanmasının arxasında duranların adını açıqlayacağını vəd edən Şuşa komendantı Ələsgər Ələkbərov isə güllələnib”, - deyə sabiq nazir müavini əlavə edib.