Bu gün tanınmış həkim Adil Qeybulla həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevlə görüşüb.
Bu barədə həkim özünün feysbuk hesabında paylaşım edib.
O bildirib ki, saat 12.30-da Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar hissəsində müşahidə altında olan B.Hacıyevlə görüşüb: "Görüşə vətəndaş cəmiyyəti üzvlərinin çoxsaylı müraciətləri əsasında Ədliyyə Nazirliyinin Tibb İdarəsi tərəfindən icazə verilmişdi. Müayinə prosesi Tibb İdarəsinin həkimlərinin iştirakı ilə aparıldı. Bəxtiyar bəyin vəziyyəti kafidir, mülayim başgicəllənmədən şikayət edir. Hemodinamik göstəricləri stabildir: arterial təzyiqi 110/70, nəbzi 80, şəkəri 5 mmol/l. Çəkisi 77.5 kq-dır. Huşu aydındır, təmasa girmək və koordinasiya qabiliyyəti normal saxlanılıb. Həyatı üçün təhlükə yoxdur. Ona aclıq aksiyasının dayandırmağı tövsiyə edildi.
Əlavə dəstək müalicəsi kimi, su-elektrolit balansını normal saxlamaq məqsədilə venadaxili infuziya edildi. 2 saat müddətində infuziya aparıldı və söhbət etdik.
Əhval-ruhiyyəsi stabildir. Ailə üzvlərinə və bütün dostlara salamlar söylədi".
Qeyd edək ki, B.Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunaraq həbs edilib. Onun barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib. Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə həbs olunub. Vəkilləri Bəxtiyar Hacıyevin 2 həftədir aclıq etdiyini bildirir.