Naxçıvanla Türkiyə sərhədində “iPhone”a görə böyük növbələr yaranıb

Türkiyənin Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində yerləşən Dilucu keçid məntəqəsində uzun növbələr yaranıb. Bunun səbəbi, təəccüblü olaraq, mobil telefonlardır.

Belə ki, Türkiyədə yeni 2023-cü ildən qüvvəyə minəcək qaydalara əsasən, qeydiyyatı olmayan mobil cihazların idxal rüsumu üç dəfə artacaq. Hazırda bu məbləğ 2732 türk lirəsidir. Yanvarın 1-dən 6000 lirəni keçəcək. Eyni zamanda, ölkədən gedən vətəndaşlardan tutulan vergi də iki dəfə - 150 lirədən 300 lirəyə qədər artırılacaq. Bu səbəbdən də yaxınlıqdakı Ərdağan, Ərzurum, Qars, Ağrı, Ərzincan kimi rayonların sakinləri iPhone telefonlarına İMEI kodu almaq üçün Naxçıvana səfər edirlər.

Bildirilir ki, gömrükçülər Türkiyədən Naxçıvana və əks istiqamətdə kütləvi tranzitlə mübarizə aparır. Türklər Gürcüstanla sərhəddə uzun növbələr və xaos yaradır - həm də mobil telefonlara görə. Batumi və Tbilisidə “iPhone”lar Türkiyədəkindən 1000 dollar aşağı qiymətə satılır – türk lirəsinin ucuzlaşması və rüsumların artması səbəbindən. Türkiyədə iPhone 14 modelinin qiyməti hazırda 1600-1700 dollar aralığındadır.

Türkiyə ilə Gürcüstan sərhədində yerləşən Sarp keçid məntəqəsinin qarşısında uzun növbələr yaranıb. Əgər əvvəllər sərhədi piyada keçmək 6-7 dəqiqə çəkirdisə, indi 3-4 saata qədər vaxt aparır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ