Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı cinayət işinin istintaqı davam etdirilir.
Buta.media xəbər verir ki, məktəbin direktoru Sevinc Abbasova 15 aprel 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.
Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərarı ilə S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
İcitimaiyyət isə direktora verilən cəzanın yüngül olduğu qənaətindədir. Ümumiyyətlə ev dustaqlığı hansı hallarda verilir?
Hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a deyib ki, hansı qətimkan tədbirinin seçilməsi barədə qərar məhkəmə tərəfindən verilir:
“Qətimkan tədbirləri prosessual məcburetmədir. Bununla bağlı Cinayət Prosessual qanunvericiliyində bir çox normalar - başqa yerə getməmək, zaminlik, həbs, ev dustaqlığı və s. nəzərdə tutulur.
Burada ilk növbədə cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınır. Eyni zamanda, təqsirləndirilən şəxsin şəxsiyyəti, ailə vəziyyəti, səhhəti, onun istintaqdan qaçıb gizlənmək, şahidlərə təsiretmə ehtimalı və s. qiymətləndirildikdən sonra məhkəmə qətimkan tədbirlərindən birini seçir. Amma bir qayda olaraq, həbs qətimkan tədbirləri ağır və xüsusilə ağır cinayət törətmiş şəxslərlə bağlı qəbul edilir. Böyük ictimai təhlükəli sayılmayan cinayətlərdə isə cinayət prosessual tədbirləri, o cümlədən başqa yerə getməmək, ev dustaqlığı, girov götürülmə və s. qərarı verilə bilər.
İndiki halda isə direktora münasibətdə həmin cinayət az ağır cinayətlər kateqoriyasına daxildir. Şəxs məktəb direktoru olub, onun gizlənmək ehtmalı yoxdur. Şahidlərə təsiretmə məsələsinə gəlincə, artıq videoyazılar və fotolar, həkim rəyi, təcili yardıma çağırış və s. istintaq orqanına məlumdur və nəzərə alınacaq. Bu məsələ ilk növbədə Prezidentin, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nəzarətindədir. Bu adi bir məsələ kimi qiymətləndirilə bilməz”.
Hüquqşünas qeyd edib ki, istintaqın gedişində əlavə faktlar ortaya çıxarsa, bu zaman direktorla bağlı məhkəməyə müraciət oluna bilər:
“Direktor tərəfindən müxtəlif üsullarla şahidlərin ələ alınması faktı qeydə alınarsa, Cinayət Məcəlləsinə yeni maddə əlavə edilə bilər. Bu situasiyadan asılı olan məsələdir. Düşünürəm ki, direktorun ev dustaqlığı ilkin mərhələdir, sonrakı prosesdə başqa addımların da şahidi olacağıq”.