Azərbaycan Ermənistanla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib
Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə azərbaycanlıların insan hüquqlarının kobud şəkildə pozulmasına görə Ermənistana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət təqdim edib.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan 2022-ci ilin may-avqust aylarında Ermənistanın Laçın şəhərini və iki qonşu kəndi tərk etməsi zamanı əmlakın, o cümlədən yüzlərlə mülki evin və digər yaşayış sahələrinin qəsdən və məqsədyönlü şəkildə dağıdılmasına dair bir sıra sübutlar təqdim edib.
Sözügedən ərazilərdə effektiv nəzarəti həyata keçirməsinə baxmayaraq, Ermənistan hökuməti bu genişmiqyaslı dağıntıların qarşısını almaq üçün heç bir addım atmayıb. Azərbaycan hökuməti tərəfindən həmçinin Ermənistan rəsmilərinin “yandırılmış torpaq” siyasətində fəal iştirak etdiyinə dair sübutların da şahidi olub.
“Ermənistan hökuməti Laçın yolunda sistematik insan hüquqları pozuntuları törədib. Yenicə aşkar olunmuş dəlillər göstərir ki, Ermənistan silahlı qüvvələri 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən tərk etməli olduqları ərazilərdə minalar, habelə mülki evlərdə mina tələləri yerləşdirməyə davam edir. Buna, Üçtərəfli Bəyanatın birmənalı pozuntusu olaraq Ermənistanda 2021-ci ildə istehsal olunmuş və Laçın yolu vasitəsilə Azərbaycana gətirilmiş minalar daxildir”, - nazirlikdən qeyd olunub.
Bildirilib ki, Ermənistanın “yandırılmış torpaq” siyasəti çərçivəsində evlərin dağıdılması, qəsdən və spesifik olaraq mülki əmlaklarda partlayıcı qurğuların yerləşdirilməsi ilə birlikdə, məcburi köçkün ailələrin və icmaların 30 il bundan əvvəl Ermənistanın qeyri-qanuni işğalı nəticəsində tərk etməyə məcbur olduqları keçmiş evləri və torpaqlarına qayıtmasının qarşısını alır:
“Ermənistan hökumətinin hərəkətləri azərbaycanlıların şəxsi və ailə həyatı, hərəkət azadlığı, mülk və əmlakdan dinc istifadə hüququnun pozulmasıdır. Ermənistan hökumətinin hərəkətsizlik və yardım siyasəti ayrı-seçkiliyin qadağasının, eyni zamanda münaqişənin başlamasından sonra Azərbaycanın müvəqqəti tədbirlər üçün müraciəti ilə bağlı Ermənistanın mülki əraziləri hədəf almasına mane olan AİHM-in 2020-ci ildə qəbul etdiyi müvəqqəti tədbirlərin pozulması deməkdir.
Azərbaycan insan hüquqlarının kobud şəkildə pozulması nəticəsində dəymiş ziyana görə kompensasiya, reparasiya, restitusiya, digər xərclərin qarşılanmasını tələb edir.
Azərbaycan beynəlxalq insan hüquqları hüququnun davamlı və məqsədyönlü şəkildə pozulmasına görə Ermənistan hökumətininin məsuliyyətə cəlb edilməsi üçün səylərini davam etdirəcək”.