Xəstəxana direktoru qadını döydü - video

Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Rauf Yahyayev hakim qarşısına çıxarılacaq.

Bakupost.az xəbər verir ki, buna səbəb direktorun avqust ayında rayonun Bolsulu kənd sakini Laləzər Əliyevanı yumruqla vuraraq sağlamlığına xəsarət yetirməsi olub. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə iş başlanılıb və onun barəsində tədbir görülməsi üçün rayon məhkəməsinə göndərilib.

Hadisəyə səbəb isə Laləzər Əliyevanın həyat yoldaşı Seymur Məhərrəmova xəstəliyi ilə bağlı Respublika Kliniki Xəstəxanasına göndəriş verilməsi üçün dəfələrlə etdiyi müraciətlərə Rauf Yahyayevin imtina etməsi olub.

Laləzər Əliyevanın həyat yoldaşı Seymur Məhərrəmov 6-20 avqust – 14 gün müddətində Goranboy Mərkəzi Xəstəxanasında xəstəliyi ilə bağlı müalicə alıb və 3 dəfə də xəstə kimi yatıb. Bütün bunlara baxmayaraq, baş direktor R.Yahyayev Seymur Məhərrəmova Bakı şəhərində müalicə almaq üçün göndəriş verilməsinə əngəl yaradıb.

Laləzər Əliyeva Rauf Yahyayev tərəfindən yumruqla vurulduğu üçün DİN-in “102” xidmətinə şikayət etdikdən sonra həyat yoldaşı xəstəxana tərəfindən göndərişlə təmin edilib. Həmçinin xəstə Seymur Məhərrəmovun Goranboy xəstəxanasında həkimlərin səhv müalicə etmələri və bununla da onun xəstəliyinin ağırlaşmasına səbəb olması da ekspertiza rəyində öz təsdiqini tapıb.

Onu da bildirək ki, bu ilin fevral ayında “Goranboy Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru təyin edilən Rauf Yahyayev bir çox qalmaqalları ilə gündəmə gəlib.
Yahyayev direktor təyin edildikdən iki ay sonra, aprel ayında xəstəxananın həyətində kütləvi şəkildə ağacları kəsdiyinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cərimələnməsi olub.

2019-cu ildə isə Gəncə şəhər 2 saylı xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri və eyni zamanda Goranboy rayon Dəliməmmədli Şəhər Xəstəxanasında həkim işləyən Rauf Yahyayev iyun ayında Dəliməmmədli xəstəxanasının gözətçisi Teymur Həsənovu vuraraq çənəsini qırıb və ona az ağır xəsarət yetirib.

Həmin vaxt hadisə Goranboy polisi tərəfindən araşdırılıb, Rauf Yahyayevə 127.1 maddəsi ilə cinayət işi açılıb və günahı sübuta yetirilib. Ancaq gözətçi Teymur Həsənov R.Yahyayevi bağışladığı və onunla barışdığı üçün işə xitam verilib. Bundan başqa Rauf Yahyayevin dəfələrlə Gəncə şəhər 2 saylı xəstəxanada vətəndaşlarla dava etdiyi də deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ