Goranboy rayon icra başçısı Məhərrəm Quliyevin köməkçisi Ülvi Əliyevin sərxoş vəziyyətdə qəza törətdiyi iddia olunur.
Bu barədə jurnalist Arifə Əliyeva məlumat paylaşıb. O bildirib ki, Ülvi Əliyev bir neçə gün öncə Qaradağlı kənd sakini Hazar Əliyevi maşınla vurub.
Hadisə Bakı-Qazax yolundan Dəliməmmədli şəhərinin girişinə gedən hissədə, “Tac” şadlıq sarayının qarşısında baş verib. İnsident nəticəsində Hazar Əliyev hər iki ayağından ciddi xəsarət alıb və əməliyyat olunub. Hazırda onun vəziyyəti ağırdır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, noyabrın 27-də Goranboy rayon Polis Şöbəsinə rayonun Qaradağlı kənd sakini, 15 yaşlı H. Əliyevin hər iki ayağının sınığı xəsarəti alaraq Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilməsi barədə məlumat daxil olub:
“Məlumatla əlaqədar polis əməkdaşları dərhal azyaşlını ziyarət ediblər. Hazar Əliyev və valideynləri izahatlarında kənd ərazisində yıxıldığını bildirib. Sosial şəbəkələrdə yayılan iddialar ilə bağlı araşdırmalar başlanılıb, nəticəsi barədə əlavə məlumat veriləcək”.