Əməkdar artist Lalə Məmmədova 162 saylı məktəbdə intihar edən Elina Hacıyeva ilə bağlı videoçağırış hazırlayıb.
Buta.media-nın məlumatına görə, o, “Facebook” hesabında video paylaşaraq, təəssüfləndiyini bildirib:
“Uşaq xəyalların, arzuların ümid tumurcuğu, ailə qalasının misilsiz sevinc qaynağı, cənnətin qoxusunu dünyada yayan yeganə gül, millətin övladı və ilahi əmanətdir.
Yerin cənnətdir, Elina. Ancaq mən heç kəsə belə “Məktəb illəri” arzulamamışdım. Hərdən düşünürəm ki, Elinanın ölümündə mənim də günahım var. Hər birimiz övladlarımıza “məktəb ikinci evindir“ deyirik.
Onlar günün yarıdan çoxunu məktəbdə keçirir. Müəllimlik ali peşədir. Əgər sənətinizi sevmirsinizsə, başqa iş tapın özünüzə. Mən də anayam, övladım qarşısında borcum, məsuliyyətim var.
Əziz valideynlər, övladlarınızla dost olun, diqqətsiz qoymayın. Boşanmış ailələrdə kişilər həyat yoldaşından ayrılan kimi, sanki övladlarından da ayrılır. Düzdür, bunu hamıya şamil etmək düzgün deyil.
Elinanın anasının çox ağır yükü var, ömrünün sonunadək daşıyacaq. Analar onun nələr çəkdiyini anlayır. Bu, bizə dərs olmalıdır. Boşansaq belə, övladlarımızı diqqətsiz qoymamalıyıq. Çox həssas yaş dövrü keçirlər. Bu 11 il ərzində formalaşırlar.
Orta məktəb müəllimlərinin məsuliyyəti böyükdür. Onlar anlamalıdır ki, hər bir uşaq individualdır. Hər fərdə ayrı yanaşmalıdılar. On üç yaşlı və beş yaşlı körpə qızım var.
Nəyisə ötürərəm deyə, vicdan əzabı məni izləyir. Azərbaycanın 10 milyoncu vətəndaşı dünyaya gəldi, amma biz Elinanı itirdik. Günahı olan hər kəs cəzalanacaq. Övladlarımız bizdən dünyaya gəlməyi xahiş etməyib. Onları biz dünyaya gətirmişik.
Onlar bizə tanrının əmanətidir. Əmanətə xəyanət olmaz. İnanıram ki, müraciətimdən sonra daha diqqətli olacaqsınız. Keçmiş olsun. Elinanın məkanı cənnət olsun!”