Bakıda iki dost cinsi azlıqların başına oyun açdı - HƏR İKİSİ CƏLANADIRILDI

Bakıda cinsi azlıq nümayəndələrinə qarşı quldurluqda təqsirləndirilən Ramin Süleymanov və Eldar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Buta.media-nın Lent.az-a istinadən məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə araşdırılıb.

İstintaqla müəyyən edilib ki, R. Süleymanov və E. Məmmədov gecə saatlarında Səbail rayonu Fəvvarələr Meydanında İlqar (ad şərtdir) və Vüqar (ad şərtidir) adlı şəxslərlə tanış olublar. İlqar və Vüqar yeni tanışları ilə yeyib-içmək və əylənmək istəyiblər. Bunun üçün də onları kirayə yaşadıqları evə dəvət ediblər. R. Süleymanov və dostu yeni tanışlarının təklifi ilə razılaşıblar. 
 
Təqsirləndirilən şəxslər yeyib-içdikdən sonra, söhbət zamanı İlqar və Vüqarın cinsi azlıq olduqlarını biliblər. Və bunu bəhanə edərək onları alçaltmağa başlayıblar. Eyni zamanda tamah niyyəti ilə Vüqara məxsus “İphone 6 +” telefonunu götürərək mənzili tərk ediblər.
 
Zərərçəkənlərin şikayəti əsasında R. Süleymanov və E. Məmmədov saxlanılıb.
 
 
Eldar Məmmədov məhkəmədə çıxış edərək bildirib ki, dostu Ramin Süleymanovla Fəvvarələr Meydanında gəzən zaman bir nəfər onlara yaxınlaşıb: 
“Sonradan bildik ki, bunun adı İlqardır. Söhbət zamanı İlqar bizə yaraşıqlı oğlanlar olduğumuzu söylədi. İçkili olduğumuzdan İlqarın şirin rəftarından xoşumuz gəldi. Qərara gəldik ki, bunlarla bir az deyib-gülək, əylənək. Ona görə də onların evinə getməklə bağlı təklifi qəbul etdik ”.

Təqsirləndirilən şəxs deyib ki, İlqar onlarla konsertlər təşkil etdiyini bildirib: “Yol gedən zaman İlqar telefonda tanışı ilə danışdı. Həmin oğlanın da adı Vüqar idi. O da bizə qoşuldu, birlikdə mənzilə getdik. Bir az söhbət edəndən sonra İlqar və Vüqarın cinsi azlıq nümayəndəsi olduğunu bildik. Bu bizə xoş gəlmədi, çünki onlar bizimlə münasibətdə olmaq istəyirdilər. Həmin vaxtı biz getmək istədiyimizi bildirdik. Evdən çıxanda cinsi azlıq nümayəndələri olduqları üçün onları cəzalandırmaq məqsədilə Vüqarın “İphone 6+” markalı telefonunu götürdük ”.

E. Məmmədov həmçinin ifadəsində bildirib ki, onlar zərərçəkmişə qarşı heç bir quldurluq cinayəti törətməyiblər. Yalnız zərərçəkmişlərin cinsi azlıq olduqlarını bildikdən sonra onlarla birlikdə oturub yeyib içməklərini özlərinə sığışdırmayıblar və cəzalandırmaq istəyiblər.
 
Təqsirləndirilən şəxs Ramin Süleymanov da dostu E. Məmmədovun verdiyi ifadəni təsdiqləyib və bu cür danışıb:

“Evdə oturub yeyib-içdik. Söhbət zamanı onların cinsi azlıq olduqlarını anladım və əsəbiləşdim. İlqar və Vüqarın məqsədi başqa şeylər idi. Ona görə də durub evdən çıxanda onları cəzalandırmaq fikrinə düşdük və Vüqarın telefonunu götürdük”.
 
R. Süleymanov qeyd edib ki, onun tərəfindən zərərçəkmişlərə qarşı heç bir quldurluq cinayəti törədilməyib. Onu da qeyd edib ki, ittiham aktında göstərildiyi kimi, onun əlində heç bir bıçaq olmayıb. Sadəcə niyyəti cinsi azlıqları cəzalandırmaq olub.

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Vüqar deyib ki, həmin gün Fəvvarələr Meydanında yerləşən «Araz» kafesində tək oturub:

“Bu zaman dostum İlqar zəng elədi. Dedi şəhərdədir, birlikdə gəzməyi təklif etdi. Kafedən durub onunla görüşməyə getdim. Deyilən yerə çatanda İlqarın yanında iki nəfərin olduğunu gördüm. Adlarının Ramin və Eldar olduğunu dedilər. 

Biz birlikdə gəzməyə başladıq. Sonra onları yeyib-içib və əylənmək üçün evə dəvət etdik. Söhbət zamanı onlara hiss etdirtdik ki, biz kişi cinsindən  olsaq da, kişilərlə cinsi əlaqədən xoşumuz gəlir. Söhbət əsasında onu da vurğuladıq ki, kef üçün cinsi əlaqəyə giririk. Bu söhbət onların xoşuna gəlmədi. Durub evdən çıxmaq istədilər. Həmin vaxt mənim “İphone 6 +” markalı telefonumu götürdülər. Onlara telefonumu geri qaytarmalarını xahiş etdim. Lakin dedilər ki, bizi cəzalandırmaq məqsədilə telefonu götürürlər və geri qaytarmayacaqlar. Telefonu apardıqlarına görə əsəbiləşib DİN-in 102 xidmətinə zəng vurdum. Və yalandan bildirdim ki, bıçaqla mənə hədə qorxu gəlib telefonumu ələ keçiriblər”.
 
Məhkəmədə İlqar da dindirilib.
 
O qeyd edib ki, Fəvvarələr Meydanında “Mcdonalds” restoranının yaxınlığında iki nəfər tanımadığı oğlanların yanından keçən zaman onlardan siqaret istəyib: “Bu minvalla həmin oğlanlarla tanış oldum. Sonra Vüqara zəng elədim. O da bizim yanımıza gəldi. Mən onları bir-biri ilə tanış elədim. Biz piyada yaşadığımız evə gəldik. Məqsədimiz yeyib-içib əylənmək idi. Evdə söhbət əsnasında Ramin və Eldar bizim cinsi azlıq olduğumuzu bildilər. Buna görə də çıxıb getmək istədiklərini dedilər. Evdən çıxan zaman Ramin Vüqara məxsus olan “İphone 6+” markalı mobil telefonu götürdü. Qaytarmasını tələb etsək də onlar telefonu geri vermədilər. Biz də polisə məlumat verdik. Dedik ki, iki nəfər bizi bıçaqla qorxudub quldurluq hadisəsi törədiblər”.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə  hər iki təqsirləndirilən şəxs 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ