Abşeron rayon icra hakimiyətinin başçısı İradə Gülməmmədovanın göstərişi ilə Saray qəsəbəsində yaşayış evi uçurulub.
Buta.media-nın məlumatına görə, ev sahibinin sözlərinə görə, 1999-cu ildən həmin evdə yaşayırlar, bu gün - aprelin 13-də isə ailədə toy olmalıydı.
Tikili uçurularkən gəlinin cehizləri evdəymiş və bir çox əşyalar yararsız hala düşüb. Abşeron rayon icra hakimiyyətindən mətbuata verilən açıqlamada isə evin məhkəmə qərarıyla söküldüyü bildirilib.
Deputat Aqil Abbas sözügedən hadisəyə münasibət bildirərkən Sfera.az-a deyib ki, ölkə başçısının müvafiq sərancamına əsasən bu kimi tikililərə kupça verilməlidir.
"Qanuni əsaslarla torpaq sahibisənsə 12 metrdən hündür olmamaq şərtilə həmin ərazidə layihəni icra orqanına təqdim etməklə fərdi ev tikmək olar”.
Aqil Abbas evi sökdürənin yox, tikdirənin yaddaşlarda yaşadığını vurğulayıb.
"Bircə onu deyə bilərəm ki, yaddaşlarda tikdirən yaşayır, sökdürən yox. Kiminsə evini sökmək çox ağır məsələdi. Bu kimi halları qınayıram. Evi sökülən vətəndaş evini uçurduran qurumu məhkəməyə verə bilər. Həm də söhbət 20 ilin evindən gedirsə burada kifayət qədər araşdırmalı məqamlar var”.
Məsələ ilə bağlı Abşeron rayonu İcra Hakimiyyəti qeyd edib ki, onlar tərəfindən söküntü işləri aparılmır:
“Rayonun Saray qəsəbəsində mənzilin sökülməsi məhkəmə icraçıları tərəfindən həyata keçirilib. Belə ki, iki vətəndaş arasında olan mübahisəyə məhkəmədə baxılıb. İddiaçı Gülmalıyev Vahid Abbas oğlu ona aid olan torpaq sahəsinin Hüseynov Raqif Əjdər oğlu tərəfindən zəbt edilərək mənzilin tikildiyini önə çəkib və adıçəkilən şəxsi məhkəməyə verib.
Sözügedən mübahisəyə Abşeron Rayon Məhkəməsində baxılıb və 18.02.2015-ci il tarixində çıxarılmış qətnaməyə əsasən Hüseynov Raqif Əjdər oğlu tərəfindən inşa olunmuş qanunsuz tikintinin sökülməsi barədə qərar verilib. Bundan sonra qarşı tərəf məhkəmənin qətnaməsindən müvafiq instansiyalara müraciət etsə də yenə də qətnamə qüvvədə saxlanılıb. Nəticədə məhkəmə icraçıları tərəfindən qanunsuz tikili sökülüb”, - deyə o S.Qasımbəyli bildirib.