Dələduzluqda təqsirləndirilən Qulu Muxtarov və Sahil Abuşova hökm oxunub.
“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyilə keçirilən iclasda Q.Muxtarov 8 il 6 ay, S.Abuşov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, məhkəmənin gedişində məlum olub ki, Bakı Metropoliteninin keçmiş rəisi T.Əhmədov yaxın dostu, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyev vasitəsilə Səadət Xəlilov, Q.Muxtarov və S.Abuşova ümumilikdə iki milyon manata yaxın pulu sələmə verib. Onlar mərmər biznesində böyük qazanc olduğunu deyərək T.Əhmədovu bu işə pul yatırmağa inandırıblar. T.Əhmədov isə pulları həmin şəxslərə verib. Daha sonra sələmi qaytara bilmədikləri üçün S.Əliyev onlardan şikayət edib.
Cinayət işi üzrə zərərçəkmiş kimi S.Əliyev tanınır.
Xatırladaq ki, S.Xəlilovun cinayət işi ayrı icraata verilib və o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə doqquz il müddətinə azadlıqdan məhrum edilib.