Uşağı qaraçılar qaçırıb Bakıda diləndirdilər

Bakıda aprelin 7-də itkin düşüb 3 gün sonra tapılan 11 yaşlı uşağın qaraçılar tərəfindən oğurlanıb dilənməyə məcbur edildiyi iddia olunur.

Buta.media-nın məlumatına 2008-ci il təvəllüdlü Nihad Mehdiyevin anası Xəyalə Mehdiyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, oğlunu küçədən qaraçılar qaçırıb: 

“Oynamaq üçün küçəyə çıxıb, oradan tutub aparıblar. Onu bıçaqla qorxudublar, gecələr onlarla birgə “podval”larda qalıb. Nihad deyir “bıçağı böyrümə dirəyib dedilər ki, get, dilən, bizə pul gətir”. Sonra da məcbur dilənməyə gedib, orada da polislər dilənçi kimi saxlayıb şöbəyə aparıblar. Qaraçılar son bir ildə dəfələrlə uşağımı aparıb diləndiriblər. Hər dəfə oğlumu qarşımda oturdub demişəm, “Nihad, səni kim diləndirir, kim döyür, mənə de”. 

Hər dəfə də deyirdi, “ana, qorxuram, deyə bilmərəm, məni öldürərlər”. Bundan öncəkilərdə axşamlar evə gəlirdi, bu dəfə 3 gün buraxmayıblar. Mən işdə oluram deyə Nihad evdə nənəsi ilə qalırdı. Oğlumun psixologiyası pozulub, müalicə olunmalıdır. Çölə çıxmağa qorxur, deyir onu yenə aparacaqlar”. 
 
Xəyalə Mehdiyeva bu hadisə ilə bağlı polis əməkdaşlarının hərəkətsizliyindən də şikayətlənib: 

“Mən şübhələnirəm ki, Nihadı qaraçılar döyüblər. Qaraçılar bundan əvvəl də Nihadı küçədə tutub deyirmişlər ki, dərsə girsən, səni öldürəcəyik. Nihad deyir “saqqallı bir kişidir, bizə dedi, heç kimdən qorxmayın”. O da məktəb paltarını evdə geyinib gedib məktəbin çölündə dayanıb sinfə girmirmiş. Buna görə də 1 il sinifdə qalıb, 4-cü sinifdə oxumalıdır, amma indi 3-cü sinifdə oxuyur. Bu gün özüm aparıb sinfə salıb qayıtdım”. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə açıqlamasında vətəndaşın iddialarına münasibət bildirib. 

O.Mansurzadə deyib ki, X.Mehdiyevin iddiaları həqiqətdən uzaqdır: 

“Nihad Mehdiyev tez-tez yaxınlıqdakı qonşu uşağı ilə birgə çıxıb şəhərin müxtəlif iri ticarət mərkəzlərinin qarşısında dilənirmiş. Aprelin 7-də həmin qonşu uşağı ilə birgə çıxaraq “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında yerləşən parkda dilənərkən polis əməkdaşları tərəfindən saxlanılıb. 

Yetkinlik yaşına çatmayanların Müvəqqəti Saxlanma Yerinə təhvil verilib. Aprelin 8-i axşam anası 12-ci Polis Bölməsinə müraciət edib, ona elə oradaca bildirilib ki, övladınız filan yerdə saxlanılır və gedib təhvil almaları deyilib. Hər iki valideyn uşaqlarını götürdükdən sonra, aprelin 10-da şöbəyə dəvət olunub və onlara övladlarını nəzartədən kənar qoymaları, uşaqların avara və dilənçiliklə məşğul olmaları, təhsildən yayınmalarının yolverilməzliyi izah olunub və onlara xəbərdarlıq edilib.

İzahatında X.Mehdiyeva uşağının itməsindən 2 gün sonra müraciət etməsinin səbəbi soruşulub. O, belə izah edib ki, 11 yaşlı oğlu Nihad adətən gecə saat 3-4 radələrində evə gəlirmiş, bu dəfə isə gəlmədiyinə görə  narahat olub. Bu uşaq mütəmadi olaraq şəhərin iri ticarət mərkəzlərinin qarşısında dilənçiliklə məşğul olur, növbəti belə əməllərinin birində saxlanılıb. 

Valideynlər bu cür xoşagəlməz halların baş verməməsi üçün nəzarəti gücləndirməlidirlər. Hər iki valideyn uşaqlarının tapılmasına görə polisə minnətdar olmalı, təşəkkür etməlidir. Azyaşlı uşaqların dilənçiliklə məşğul olması valideyn nəzarətsizliyinin nəticəsidir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ