“Biz həmin dövrü unutmamışıq, İbrahimbəyov Milli Şuranın ideoloqu idi, radikal müxalifəti bir araya gətirərək prezidentliyə namizəd oldu, sona qədər getməyə çalışdı. Onun arzusu prezident olmaq idi. İndi belə danışır. Sənə kim məcbur edirdi ki, namizəd olasan?”
Buta.media xəbər verir ki, bu sözləri "Yeni-Müsavat"a açıqlamasında deputat Fəzail Ağamalı Rüstəm İbrahimbəyovun müsahibəsinə münasibət bildirərkən deyib.
F.Ağamalının sözlərinə görə, İbrahimbəyov Rusiya vətəndaşı olmaqla başqa dövlət qarşısında öhdəliyi olduğu üçün Mərkəzi Seçki Komissiyası əsaslı olaraq onun namizədliyini qeydə almadı: “Amma o, düşmən mövqeyindən əl çəkmədi, ciddi səhvlərə yol verdi. Prezidentliyə namizədliyin iki dəfədən artıq olmasına məhdudiyyətin aradan qaldırılmasının əleyhdarlarından biri idi, Xalq Cəbhəsi olmaqla Milli Şurada müstəsna xidmətlər göstərirdi. Eyni zamanda Tiflisdə radikal müxalifətlə görüşmüşdü, həmin vaxt təlimatları kimdən aldığı bilinmirdi”.
Deputat İbrahimbəyovu qeyri-səmimi insan sayır: “Vətənə sədaqətsizliyini çəkdiyi filmdə göstərdi, xalqı aşağıladı. Budur onun siması, xalqına münasibəti... İbrahimbəyov ambisioz, kosmopolitdir, tükənməyən ambisiyaları ciddi səhvlər yol verməsinə səbəb olur. Lakin cənab prezident lütfkarlığından irəli gələrək çoxları kimi, onu da bağışladı və İbrahimbəyov bunlardan nəticə çıxarmalıdır. Bu gün də prezidentə xoş sözlər deyirsə, onun etirafının bir növüdür”.