Bakı metrosunda gənc qıza qarşı əxlaqsızlıq edib yumruqla vurdu

Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasında insident baş verib.

“Qafqazinfo” xəbər verir ki, noyabrın 2-si, saat 8 radələrində qatarda sıxlıq olarkən gənc oğlan 2000-ci il təvəllüdlü Ş.Fətullayevə (şərti soyadlı) qarşı əxlaqsız hərəkətlər edib. 22 yaşlı qız həmin şəxsə irad bildirdikdə mübahisə baş verib və o, qızı yumruqla vuraraq oradan uzaqlaşıb.

Hadisədən sonra Ş.Fətullayeva qatarı tərk edərək metroda xidmət aparan polis əməkdaşlarına müraciət edib.

Ş.Fətullayeva bildirib ki, ona qarşı nalayiq hərəkətlər edən şəxs təxminən 24-25 yaşında olub: “Mən ona irad bildirəndə yumruqla vurmağa başladı, dərhal polisə müraciət etdim, gedib şikayət ərizəsi yazdım. Həmçinin tibbi ekspertizadan keçdim. Hələlik həmin şəxs tutulmayıb”.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev  bildirib ki, Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasında baş vermiş hadisə ilə əlaqədar Bakı Metropolitenində Polis Şöbəsində araşdırma aparılır: 

“Xəsarət  yoxdur, mübahisə, tərəflər arasında yaranan anlaşılmazlıqdan qaynaqlanıb. Araşdırmaların nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ